Xəbər lenti

Siyasət 16:27 23.10.2024

"ABŞ üçün Gürcüstan yol, Ermənistan alət, Azərbaycan isə mükafatdır" - Ekspert

"Baydenin İlham Əliyevə və Nikol Paşinyana məktublarını ABŞ-ın bölgədə moderatorluq savaşının tərkib hissəsi, həm də sülh müqaviləsini demokratların aktivinə yazmaq cəhdi kimi yozmaq olar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib.

Üzeyir Şəfiyev bildirib ki, Baydenin Azərbaycan və Ermənistan rəhbərliyinə ünvanladığı məktublar sıradan bir hərəkət deyil:

"ABŞ-Azərbaycan münasibətlərində xeyli sərinləşmə var. Vaşinqton Bakını sülhə məcbur etmə siyasəti götürüb. ABŞ Konqresində ölkəmizə qarşı təpki və basqılar müşahidə olunur. Baydenin məktubunu da onun COP29 tədbirindən sui-istifadə edərək, ona qədər Azərbaycanı kompromisli sülhə məcbur etmək cəhdi kimi oxuya bilərik. Ona görə də əvvəl güc səviyyəsində ölkəmizə basqılar etdilər. İndi isə Azərbaycanın duruş gətirdiyini görüncə yumşaq güc siyasətini işə salırlar". 
 


Ekspert qeyd edib ki, Baydenin məktublarında bəzi konturları da hiss etmək olar:

"Regiona göndərdiyi nümayəndə vasitəsilə Bayden sanki özündə bəlli şərtləri ehtiva edən bir sülh variantını göndərib. Onu da əvvəlcə Bakı, sonra isə İrəvanla razılaşdırmaq istəyir. Bəzi nüanslar var ki, onu Azərbaycanla razılaşdırdıqdan sonra Ermənistanla müzakirə etmək istəyir. Görünən odur ki, ABŞ prosesdə moderator rolunu oynamaqda israrlıdır".

Üzeyir Şəfiyevin fikrincə, Vaşinqton İrəvan və Bakının BRİCS-ə meylənməsini gördüyündən münaqişəni tezliklə həll edib, onun həllini öz adına yazmaq istəyir:

"Burada başlıca məqsəd həm də Rusiyanı prosesdən sıxışdırıb çıxarmaqdır. Ağ Ev Cənubi Qafqazdakı mühüm dəhliz imkanlarının Rusiyanın nəzarətinə verilməsini istəmir. Bir sözlə, ABŞ üçün Gürcüstan yol, Ermənistan alət, Azərbaycan isə mükafat kimi görünür. Baydenin məktunu da bu mənada sülhə məcbur etmək siyasətinin göstəricisidir. Ona nə dərəcədə nail olacağı isə məktub ünvanlanan tərəflərin reaksiyasından asılı olacaq".

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb. Bu məktublarda Bayden tərəfləri  sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->