Xəbər lenti

Akim Bədəlov qanunu saymır? - Sabiq məmur icra tələbini yerinə yetirmir
Ekonomiks 17:54 14.08.2023

Akim Bədəlov qanunu saymır? - Sabiq məmur icra tələbini yerinə yetirmir

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (hazırda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi) keçmiş sədri Akim Bədəlovun başı yenidən dərddədir. 

Qaynarinfo xəbər verir ki, Akim Bədəlovun Direktorlar Şurasının sədri olduğu "Xəzər” Elmi və Texnoloji Mərkəzinə daxil olan "Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi barəsində inzibati iş başlanıb. 

Mərkəz İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Babək Pənahovun icraatında verilib. 

528.1-ci maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

2020-ci ildə isə "Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi 50 000 ABŞ dollar məbləğində cərimə edilmişdi. Ehtimal olunur ki, Mərkəz barəsində inzibati iş başlanmasının səbəbi hələ də həmin məbləğin ödənilməməsi ilə bağlıdır. 

Akim Bədəlov 2013-2019-cu illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri olub. 2019-cu ildə agentlik ləğv edilib və Energetika Nazirliyinin tərkibində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Həmin vaxt Akim Bədəlovun həbs oluna biləcəyi iddialar irəli sürülmüşdü. Səbəb kimi isə onun fəaliyyətində ciddi nöqsanların olması, xüsusilə, Milli Sağlamlıq Mərkəzinin inşasında ortaya çıxan problemlərin ortaya çıxması göstərilirdi. 

Yeri gəlmişkən, Milli Sağlamlıq Mərkəzinin tikintisini də "Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi həyata keçirib. 

"Xəzər” şirkəti ilə bağlı başqa bir problem də var. Şirkət mərhum akademik Tofiq İsmayılov yaradıb. Onun övladları mediaya açıqlamalarında bildiriblər ki, Akim Bədəlov sonradan şirkəti ələ keçirib. Tofiq İsmayılovun övladları ilə Akim Bədəlov arasında bu şirkətlə bağlı uzun illər mübahisə olub. Lakin Bədəlov vəzifədə olduğundan Tofiq İsmayılovun övladları istəklərinə çata bilməyiblər. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->