Ali Məhkəmə Beyləqan rayonunda sevgilisinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə qərarnı elan edib.
"Report”un xəbərinə görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qadının kassasiya şikayəti təmin olunmayıb.
Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb.
Daha sonra məlum olub ki, İ.Fərhadovu qeyri-rəsmi nikah münasibətində olduğu Ə.Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tüfənglə qətlə yetirib. Həmin şəxs meyiti Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov Dünyamalılar kəndinin ərazisində tutulub.
Faktla əlaqədar Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əsədov 19 il və Ə.Sadıqova 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Daha sonra Ə.Sadıqova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Şərhlər