Xəbər lenti

Aqressiya
Məmməd SÜLEYMANOV
Ölkə 09:52 27.01.2025

Aqressiya

Alman antropoloqu Frits Ştayniger üçün növdaxili qəddarlıq mövzusu heç də yeni deyildi. O, keçmiş nasist professoru idi, irqçilik siyasəti üzrə mütəxəssis sayılırdı, alman irqinin təmizliyinə nəzarət edirdi, 1942-ci ildə isə Riqada "Tibbi zoologiya İstitutu”na rəhbərlik etmişdi.

Sadəcə, nasistlərin hakimiyyətində kütləvi qətllər patologiya yox, "məqsədəuyğunluluq” adlandırılır, praktiklər qətllər törədir, Ştayniger kimi nəzəriyyəçilər isə onları "elmi” cəhətdən əsaslandırırdı.

Sonra Reyx çökdü, Ştayniger tövbə etdi və akademik elmə qayıtdı.

1950-ci illərdə isə o, boz siçovullar üzərində apardığı tədqiqatlarla növdaxili qəddarlığın yeni formasını aşkarladı. Bəlli oldu ki, eyni qrupa aid siçovullar qarşılıqlı harmoniya vəziyyətində mövcud olduqları halda, başqa qrupdan olan həmnövlərinə qarşı izahsız və əlahiddə qəddarlıq nümayiş etdirirlər. 

Və Ştayniger heyvanlarda rast gəlinən bu kollektiv qəddarlığın insanlar arasında təkrarlanacağı təhlükəsini tamamilə real saydığını yazdı.

***

Ştayniger fərqli yerlərdən topladığı siçovulları volyerə (iri qəfəsə) yerləşdirir və onlar üçün konfort şərait yaradır. Başlanğıcda siçovullar bir-birinə qarşı aqressivlik nümayiş etdirmir, sanki hücum etməkdən çəkinirlər. Ancaq tədricən ərazi bölgüsü başlayır və aqressiya da artır. Üstəlik, fərdlər cütlüklər yaratmağa başlayırlar. Əgər eyni vaxtda bir neçə cütlük yaranırsa, onların arasında uzunmüddətli savaş başlayır və yalnız birinin zəfəri ilə bitir. Yox, əgər hansısa cütlük daha əvvəl yaranırsa, həmin erkək və dişinin birgə tiraniyası digər cütlüklərin yaranmasının qarşısını alır.

Cütü olmayan, tək fərdlər incidilir, iyerarxiyanın aşağı pilləsinə enir, fasiləsiz aqressiya hədəfi olur, bir müddət sonra isə nəsilləri kəsilir. Qalib cütlüyün hər iki tayı - həm erkək, həm də dişi digər həmnövlərinə qarşı eyni dərəcədə aqressivlik nümayiş etdirir. Ştayniger bəzi hallarda dişinin tiraniyasının və aqressivliyinin daha qəddar olduğunu da müşahidə edir. Uduzmuş siçovullar müqavimət göstərmir və məğlubiyyəti də, aldıqları yaraları da çox sakit qarşılayırlar.
 


Qanlı faciələr qalib cütlüyün tamhüquqlu və mütləq hakimiyyəti ilə nəticələnir. Onların verdiyi nəsil isə bu hakimiyyəti sanki legitimləşdirir və uzunmüddətli edir. Qalib gələn cəlladlar digər həmnövlərinə qarşı nə qədər qəddardılarsa, öz nəslinə münasibətdə bir o qədər qayğıkeş və mehribandırlar. Üstəlik, bu qayğıkeşlik təkcə ata-anaya yox, nənə-babalara, digər genetik qohumlara da xasdır. Yeni formalaşan bu nəhəng ailədə ara-sıra xırda toqquşmalar ola bilir, ancaq cəld və asanlıqla ailədaxili münaqişələr yoluna qoyulur. Əvəzində isə ailəyə aid olmayan bütün fərdlərə qarşı aqressiya bir an da zəifləmir. Bir sözlə, başlanğıcda potensial demokratiya kimi görünən birgəyaşayış (siçovullar bir-birini tanımır, eyni dərəcədə azad və sərbəstdirlər) bir müddət sonra total tiraniya (bir cütlüyün hegemonluğu) ilə əvəzlənir. Sonda yekcins qrup formalaşır - volyerdə yalnız bir ailənin törəmələri qalır.

Qalib cütlüyün çoxsaylı törəmələri bir-birini üzdən tanımasalar da, spesifik qoxu onların bir ailəyə məxsus oldüğunün təsdiqi sayılır. Qrupun daxilində bir dəfə qazanılmış təcrübə qorunub saxlanılır və sonrakı nəsillərə ötürülür.

Ailə daxilində aqressiya və qırğın yalnız bir halda baş verir - onların ərazisində yeni yad siçovul peyda olanda. Bu yadın təsiri altında növdaxili aqressiya ailədaxili aqressiyaya çevrilir. Yəni, hakim ailə ən çox özü kimi olmayan yadların müdaxiləsindən qorxur. Və bu qorxu ailənin özü üçün təhlükəyə çevrilərək onun tamlığını sual altına salır. Ailənin indiyədək dinc yaşayan fərdləri bir-birinə hücum çəkir. Ancaq bu, qısamüddətlidir. 

Ştayniger həmin anı təvir edir: volyerə yeni siçovul salınır. İlk anlarda hakim ailənin üzvləri ona biganədirlər, çünki üzdən tanımırlar. Yad siçovul da qismətindən xəbərsizdir. Elə bir an gəlir ki, onunla digər siçovullar arasında məsafə minimuma enir və "aborigenlər” yadın fərqli qoxusunu alıb onu deşifrə edirlər. Və həmin an bütün volyerdə ağlagəlməz həyəcan yaranır (informasiya ailə daxilində sürətlə yayılır). Ailənin üzvləri bir-birinə hücum çəkir, ancaq eyni qoxuya malik olduqlarından tez də ümumiliklərini anlayırlar və ailədaxili dava bitir. Yad siçovulun sonu isə dəhşətli olur - onu elliklə edam edirlər.

Ştayniger ekperimentlər zamanı belə bir tryükə də əl atır - ailənin üzvü olan siçovullardan birini qəfəsdən çıxarır, müəyyən vaxtdan sonra yenidən əvvəlki yerinə qaytarır, ancaq onun qoxusunu dəyişir.  Geri dönən siçovul tamamilə sakitdir, axı evinə dönüb, ancaq xəbəri yoxdur ki, qoxusu başqadır və ailəsi üçün yaddır. Aldığı yaralar onun üçün gözlənilməzdir, qorxmur, müqavimət göstərmir. Ancaq ailəsi onu edam edir.

Sual yaranır: Siçovullar arasındakı bu partiya nifrəti nəyə xidmət edir? Bu davranışın kökündə nə dayanır? 

Məsələ ondadır ki, bu ifrat aqressivliyin növün qorunub saxlanması vəzifəsi ilə heç bir əlaqəsi yoxdur.

***

Nobel mükafatı laureatı, etoloq Konrad Lorents "Aqressiya” kitabında yazırdı: "Növdaxili aqressiyanı müasir mədəni, tarixi və texniki inkişaf şəraitində bəşəriyyəti gözləyən ən ciddi təhlükə saymağa hər cür əsas var”.

Vermaxtda xidmət etmiş, Sovet ordusuna əsir düşüb Sibirdə bir neçə ilini keçirmiş alimin bu cür proqnoz verməyinin bircə adı var: "Daha da pis olacaq”. Lorentsin bir alim kimi üstünlüyü ondadır ki, "daha da pis”dən qaçmaq yollarını da sadalayır. Ancaq görünən odur ki, onun reseptlərini qəbul etməyə insanlıq həvəs göstərmir.

Elə həmin kitabında Lorents yazır:
 
"İnsan aqressiyası instinktivdir. İnsanlar özlərində ritual aqressiyanı - növün saxlanmasını təmin edən qadağa mexanizmlərini inkişaf etdirməyiblər. Bu səbəbdən insana ifrat təhlükəli heyvan kimi baxılır”.


Nə vaxtlarsa, təkamülün əvvəlki mərhələlərində bir bioloji varlıq kimi insan üçün də aqressivliyin əhəmiyyətli rolu vardı. Aqressivlik növlərə təbii seçmədə, yaşamaq uğrunda mübarizədə yardımçı olub, istər növdaxili, istərsə də növlərarası aqressiya populyasiyanın təhlükəsizliyini qorumaq, ərazilərə yadları buraxmamaq funksiyalarını asanlaşdırıb. Ancaq sivilizasiyanın yaranması və təkmilləşməsi ilə növdaxili aqressiya bu əhəmiyyətli rolunu itirib. Bioloq Timiryazevin yazdığı kimi, "Yaşamaq uğrunda mübarizə mədəni tarixin kandarında dayanır. İnsan həyatı yalnız bir mübarizəyə - yaşamaq uğrunda mübarizə ilə mübarizəyə həsr olunmalıdır”.
 


Və əgər yenidən növdaxili aqressiya aktuallaşıbsa, deməli, sivilizasiya geriyə dönüş edib.

Biz şahidiyik ki, sosial varlıq sayılan insan üçün yaşamaq uğrunda mübarizə heç də kandarda deyil, artıq evin içindədir, qonaq otağındadır, süfrənin başındadır. Və sosial varlıq sürətlə özünün sosiallığını güzəştə gedib yenidən sırf bioloji növə doğru trayektoriya götürüb. "İnsan insana canavardır” - Hobbsdan qalma prinsip ayaq açıb yeriyir.

Lorentsin "Aqressiya”nı yazdığı vaxtdan bəri çox şey pisliyə doğru dəyişib. Tormozlayıcı faktorlar sayılan elm, mədəniyyət, Kantı riqqətə gətirmiş əxlaq qanunları ayaq altda sürünür. Onlar yerini obskurantizmə, qəsdən savadsızlaşdırma layihələrinə, mövhumat və xürafata verib. Bizim dövrümüzün mənəvi avtoritetləri də yoxdur - 20-ci əsrin bütün dəhşətlərinə baxmayaraq, Qandisi, Şveytseri, Bertran Rasseli, Kamyu və Sartrı... vardı. Onlar yazırdı - milyonlar oxuyurdu, onlar təbliğ edirdi - milyonlar inanırdı. İndi isə avtoritetləri şou-şizofreniya və mass-kult geteraları əvəzləyib.

Lorentsin kitabından daha bir sitat: "Bu gün qanımızda şər irsiyyət kimi oturan zəhərli aqressivlik əcdadlarımıza paleolit boyu təsir etmiş növdaxili seçmənin nəticəsidir. Silahlanan, geyinən və sosial cəhətdən təşkil olunan insan növü xarici təhlükələri (aclıq, soyuq, vəhşi heyvanları) müəyyən dərəcədə məhdudlaşdırmağa nail olduğu və həmin təhlükələr bir seleksiya faktoru kimi əhəmiyyətli rolunu itirdiyi andan oyuna ziyankar növdaxili seçmə daxil olmalıydı”.

Və oldu da. Oyundan çıxmaq niyyəti isə yoxdur. Çünki, özünü "təbiətin əşrəfi” adlandırmağı sevən, zahiri təhlükələrlə haqq-hesabını çürüdüb qurtaran müasir insan bu aqressiyanı tormozlaya biləcək mexanizmləri - əxlaqı, mədəniyyəti, elmi, ritual aqressiya fəndlərini, mənəvi avtoritetləri saymazlıqdan gəlir.

Biz qlobal aqressiya dövrünün övladlarıyıq. TV və mətbuat da onu tirajlayır, ölümü realiti-şouya çevirir, durmadan Armageddon təbliğ edir. Bu qaranlıqdan çıxış isə görünmür. 

Və aqressiya spesifik məqsədlərə çatmaq üçün rejissorların nəzərində "qızıl yumurtlayan toyuğa” çevrilir. Halbuki, aydındır: motivsiz qəddarlıq və müharibələr həmişə istismarçı siniflər üçün böhranlardan, öz problemlərindən qurtulmaq və elementar sərvət toplamaq vasitəsi olub. Harada ki, əzən və əzilən siniflər var, aqressiya kultu və onun təbliği əzənlərin silahına çevrilib. 

***

Harada ki təbii seçmə fərdlərin motivsiz rəqabəti əsasında baş verir, orada fərdlərin bir-birini təkamülün qaranlıq kor dalanına dirəməsi kimi böyük təhlükə yaranır. Təəssüf ki, bu nəticə siçovullara da, insana da eyni dərəcədə aiddir.

Və motivsiz aqressiyanın Pandora yeşiyinin açılması özünə Homo Sapiens adı vermiş növün mövcudluq şəraitini boz siçovulların koloniyasındakı vəziyyətlə eyniləşdirir...

Məmməd Süleymanov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->