Ölkə 12:46 22.09.2022

Arvad ərini döyüdü, kişi bağışladı, məhkəmə fərqli qərar verdi (TƏFƏRRÜAT)

Məhkəmə ərini döyən qadınla bağlı qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, Qusarda kişi polis şöbəsinə müraciət edərək, həyat yoldaşı Solmaz Şixkərim qızı (ad-soyad şərtidir) tərəfindən döyüldüyünü bildirib.

Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin sahə rəisi, polis mayoru tərəfindən Solmaz Şixkərim qızının barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, ərini döymədiyini, əksinə əri tərəfindən döyülüyünü bildirib. O, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxs isə həyat yoldaşı ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib. Zərərçəkmiş ər həyat yoldaşı barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə qərara gəlib ki, toplanmış sübutlarla Solmaz Şixkərim qızının inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilib və törətdiyi əməl İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunur.

Sentyabrın 20-də hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə 20 gün inzibati həbs cəzası verilib. Məhkəmənin qərarına əsasən onun cəzası həbs olunduğu gündən - 20 sentyabr tarixindən hesablanacaq.

Əhməd