Xəbər lenti

Astanada
Foto 13:12 21.10.2025

Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edildi (YENİLƏNİB)

Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Qaynarinfo xəbər verir ki, "Akorda" Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Dövlət başçıları birgə foto çəkdiriblər.
 
***
 
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyevi salamlayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizi Qazaxıstan Respublikasında rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir. Mübaliğəsiz əminliklə demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir.

Sizi ölkəmizdə salamlayıram.

Prezident İlham Əliyev dedi:

- Hörmətli Kasım-Jomart Kemeleviç, sağ olun.

Əvvəlcə qardaş Qazaxıstana dövlət səfərinə dəvətinizə, həmçinin qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycanın ünvanına söylədiyiniz xoş sözlərə görə sağ olun. Biz qardaş Qazaxıstan xalqına münasibətdə də eyni hissləri bölüşürük.

Həmçinin qardaş ölkənin Sizin rəhbərliyinizlə həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevinirik. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik.

İkitərəfli münasibətlərimizə gəldikdə, Siz onların strateji, müttəfiqlik xarakterini qeyd etdiniz. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.

Bu gün bizim danışıqlarımız çərçivəsində Ali Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub. Biz gündəlikdəki geniş məsələləri bir daha nəzərdən keçirəcək və təbii ki, tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik.

Bir daha təşəkkür edirəm.

Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.

***
 
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə "Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Azərbaycanın və Qazaxıstanın dövlət başçılarına layihə barədə məlumat verildi.

Qeyd edildi ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulandı ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verildi.
 
***
 
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.

Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->