Xəbər lenti

Şimali Kiprdə yeni prezident: Adada nələr dəyişəcək? (ŞƏRH)
Dünya 13:32 20.10.2025

Şimali Kiprdə yeni prezident: Adada nələr dəyişəcək? (ŞƏRH)

"Şimali Kiprdə keçirilən prezident seçkilərinin nəticələri bölgə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Tufan Erhürmanın qələbəsi cəmiyyətin bir hissəsinin daha çox dialoqa, beynəlxalq təcriddən çıxışa və BMT çərçivəsində danışıqların yenidən bərpasına üstünlük verdiyini göstərdi".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticəsini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, bu nəticə, əvvəlki prezident Ersin Tatarın müdafiə etdiyi "iki dövlətli həll" mövqeyindən fərqli olaraq, daha praqmatik və qarşılıqlı anlaşmaya əsaslanan siyasətə keçidin mümkünlüyünə işarədir: 

"Erhürmanın "ikili hakimiyyət" yanaşması, yəni həm Türkiyə ilə strateji ittifaqı qorumaq, həm də Şimali Kiprin daxili qərarvermə proseslərində daha çox müstəqillik nümayiş etdirmək istəyi, adanın gələcək siyasi xəritəsində yeni balans yaratmağa yönəlib. Bu siyasət daxili sabitliyi möhkəmləndirə, xarici siyasətdə isə müəyyən manevr imkanları aça bilər. Lakin eyni zamanda, Türkiyənin bölgədəki əsas maraqları və təsir mexanizmləri fonunda bu balansı qorumaq asan olmayacaq".
 


Vüqar Zifəroğlu bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tufan Erhürmanı təbrik etməsi, Ankara-Lefkoşa münasibətlərinin konstruktiv şəkildə davam etdiriləcəyinin siqnalıdır: 

"Lakin bundan sonrakı mərhələdə münasibətlərin tonunda müəyyən dəyişikliklər mümkündür. Türkiyə yeni rəhbərliklə koordinasiyanı qoruyacaq, amma qərarların icrasında daha çox qarşılıqlı məsləhətləşmə mexanizmlərinə üstünlük veriləcək. Eyni  zamanda, Erhürmanın beynəlxalq təmasları genişləndirmək cəhdləri Türkiyənin regiondakı diplomatik taktikasına təsir göstərə bilər".

Azərbaycanla bağlı məsələlərə gəlincə, həmsöhbətimiz düşünür ki, əsas xəttin dəyişməsi gözlənilmir:

"Şimali Kipr-Azərbaycan əlaqələri Türkiyə xətti üzərindən davam edir və yeni prezident də bu istiqamətdə davam edəcək. Erhürmanın iqtisadi liberallaşma və xarici açılım siyasəti nəticəsində gələcəkdə Azərbaycan şirkətlərinin Şimali Kiprdə daha aktiv iqtisadi iştirakına şərait yarana bilər".

Həmsöhbətimiz bu qənaətdədir ki, Şimali Kiprdəki seçkilərin Ankara-Afina münasibətlərinə dolayı təsiri olacaq: 

"Yeni rəhbərliyin "birləşmə danışıqları"na açıq olması, Kipr məsələsinin yenidən gündəmə gəlməsi deməkdir. Bu isə Egey dənizi və Aralıq dənizi ətrafında enerji, dəniz sərhədləri və hərbi mövcudluqla bağlı mübahisələri yenidən alovlandıra bilər. Lakin eyni zamanda, Erhürmanın praqmatik və dialoqa açıq siyasəti, Ankara-Afina xəttində gərginliyin azaldılmasına da töhfə verə bilər. Beləliklə, Şimali Kiprdə keçirilən seçkilərin nəticələri yalnız adanın daxili siyasəti deyil, həm də Türkiyə, Yunanıstan və bütövlükdə Şərqi Aralıq dənizi bölgəsinin gələcək diplomatik xəritəsi üçün yeni mərhələnin başlanğıcını formalaşdırır".

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətində dünən keçirilən Prezident seçkilərində müxalifətdən olan Tufan Erhürman qalib gəlib. O, səslərin 62,8 faizini toplayıb.  Mövcud prezident Ərsin Tatar isə cəmi 35 faiz səs alıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->