Ölkə 19:49 19.04.2021

Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir

Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.

Bu barədə "Qafqazinfo”ya müraciət edən Q.Siracov bildirib ki, 2001-ci il təvəllüdlü oğlunun ötən ilin oktyabrında xidməti başa çatsa da, müharibəyə görə tərxis edilməyib:

"Fəthulla hərbi xidmətini Murovdağda edib. Sentyabrın 27-də döyüşlər başladığından müharibəyə qatılıb. O, "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Müharibə bitdikdən sonra ay yarım Çaykənddə olublar. Bu ilin yanvarın 11-də Kəlbəcərdə Pora dağı istiqamətində xidmətə göndərilib. Yanvarın 28-də vəfat edib. Bizə gələn birinci bildirişdə vəfat səbəbi olaraq ağciyər-ürək çatışmazlığı diaqnozu qeyd edilib. Daha sonra ölüm şəhadətnaməsində dəqiqləşdirilməmiş bakterial pnevmaniya diaqnozu yazılıb.

Biz Şabran rayonu Gəndov kəndində yaşayırıq. Oğlumu təmtəraqla, orkestrlə, iki bayraqla gətirib dəfn etdilər. Dəfndə şəhid deyib yad elədilər. Ancaq bayrağı mənə verərkən dedilər ki, bayrağı əsgərin atasına təqdim edirik. Mən də o gün özümdə deyildim. Sonradan videogörüntülərə baxanda bunun şahidi olduq. Şəhidin atasına veririk demədilər. Onun ölüm bildirişində yazılıb ki, yanvarın 28-də Kəlbəcər rayonu Pora dağında döyüş mövqeyində düşmənlə bilavasitə təmas xətti vəziyyətində döyüş tapşırığını yerinə yetirərkən və xidməti vəzifəsini icra edərkən vəfat edib. Şəhidlik üçün həlak oldu yazılmalıymış. Buna görə də ona şəhid statusu ala bilmirəm.

1 il 9 ay övladım xidmətdə olub. Ona qoyulmuş diaqnoza inanmıram. Xidmətdə olduğu müddətdə bir dəfə də olsun hospitala düşməyib. Əsgər olmamışdan qabaq da xəstələnməyib. Əsgərliyə gedəndə də komissiyadan keçib. Xəstə olsaydı, əsgərliyə aparmazdılar. 3 bacının bir qardaşı idi. Evin kiçik uşağı idi. Biz gözləyirdik ki, oğlum hərbi xidmətdən qayıdıb bacardığı bir işlə məşğul olub ailəsinə baxacaq. Mənim 61 yaşım var. İşləyə bilmirəm. İndi də hər yerə müraciət edirəm ki, oğlumun haqqını bərpa edək”.

Q.Siracov eyni zamanda əlavə edib ki, bu gün mövcud problemlə bağlı Şabran rayonu icra hakimiyyəti başçısının qəbulunda da olub: "İcra başçısı bildirdi ki, oğluma şəhid statusu verilməsiylə bağlı aidiyyatı orqanlarla danışıqlar aparacaq. Başçı məsələnin müsbət istiqamətdə həll ediləcəyini vurğuladı”.

Qeyd edək ki, "Qafqazinfo” Q.Siracovun müraciətiylə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərib.