XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qlobal dizel çatışmazlığı dərinləşir: ABŞ-da qiymətlər rekord həddə çatdı
Dünya19:55 21.09.2026

Qlobal dizel çatışmazlığı dərinləşir: ABŞ-da qiymətlər rekord həddə çatdı

ABŞ-da dizel yanacağının pərakəndə qiymətləri artmaqda davam edib və ilk dəfə bir qallon üçün orta hesabla 6,5 dolları ötüb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Sentyabr ayında qiymət artımının tempi sürətlənib. Bu ay dizelin qiyməti artıq 87 sentdən çox bahalaşıb. Dizel demək olar ki, hər gün bahalaşır və artıq 2022-ci ildə qeydə alınmış pik səviyyəni də keçib.

Bu yanacağın dünya üzrə tədarükü ABŞ ilə İran arasında müharibə səbəbindən azalıb. Bundan əlavə, Fars körfəzi regionundan xam neft tədarükü tam bərpa olunmayıb. Bu da dünyanın digər bölgələrindəki neft emalı zavodlarında yanacaq istehsalını məhdudlaşdırır.

Bundan başqa, Rusiya dizel yanacağının ixracının böyük hissəsinə qadağa qoyub və Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft emalı müəssisələrinə hücumlarını davam etdirməsi fonunda bu məhdudiyyətin müddətini oktyabrın sonunadək uzada bilər. Həftəsonu Moskva neft emalı zavoduna da zərbə endirilib.

ABŞ-da sürücülərin əksəriyyəti avtomobillərini dizellə doldurmur. Lakin bu yanacaq yük maşınlarında, kənd təsərrüfatı texnikasında, elektrik generatorlarında, gəmilərdə və qatarlarında, eləcə də evlərin istilik sistemlərində istifadə olunur. Buna görə də dizelin qiymətindəki dəyişikliklər iqtisadiyyatın demək olar ki, bütün sahələrinə təsir göstərir.

Dizelin rekord qiymətləri bəzi ştatlarda prezident Donald Trampın Respublikaçılar Partiyasına dəstəyi zəiflədə bilər. Ağ Ev isə yanacağın bahalaşması ilə mübarizə aparmaq üçün siyasi tədbirlərin mümkün variantlarını nəzərdən keçirir.

ABŞ-da inflyasiyanın davamlı yüksək göstəriciləri Federal Ehtiyat Sistemini ötən həftə faiz dərəcələrini 0,25 faiz bəndi artırmağa sövq edib. Bu, 2023-cü ildən bəri ilk faiz artımı olub.

Həftəsonu Minneapolis Federal Ehtiyat Bankının prezidenti Nil Kaşkari bildirib ki, inflyasiya hələ də həddindən artıq yüksəkdir və qiymət təzyiqi neft qiymətlərindəki şokun nəticələrindən kənara yayılır.

“Goldman Sachs Group Inc.” şirkətinin son hesabatında qlobal məhdudiyyətlər fonunda dizel yanacağının qiymətinin artmaqda davam edə biləcəyi qeyd olunur. Bununla yanaşı, hesabatda benzinin investorlar üçün daha böyük maraq doğura biləcəyi də vurğulanır.

Aydın