Xəbər lenti

Avropada narahatlıq doğuran böyük dəyişiklik: İstilik dalğası qitəni bürüyür
Dünya 13:56 06.05.2026

Avropada narahatlıq doğuran böyük dəyişiklik: İstilik dalğası qitəni bürüyür

Avropanın iqlim mənzərəsi həyəcan siqnalı verir. Son məlumatlar qitədəki dəyişimin artıq geri dönülməz həddə yaxınlaşdığını ortaya qoyur. 

Qaynarinfo xəbər verir ki, Avropa İttifaqının yer müşahidə proqramı olan Kopernikus İqlim Dəyişikliyi Xidməti (C3S) tərəfindən toplanan "Avropa İqlim Vəziyyəti" hesabatına görə, son 30 illik məlumatlarda qlobal orta temperatur hər 10 ildən bir təxminən 0,27 dərəcə artıb. Avropada isə bu artım 0,56 dərəcəyə qədər yüksəlib.

Bu günə gəldikdə, dünya üzrə temperatur sənaye öncəsi dövrlə müqayisədə təxminən 1,4 dərəcə artıb. Avropada isə bu artım 2,5 dərəcəyə çatır. Mütəxəssislərə görə bu fərq sadəcə statistik göstərici deyil, birbaşa həyatı təsir edən nəticələr yaradır.

2025-ci il məlumatları qorxudur: Tarixdə ən isti illərdən biri

Kopernikus İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, 2025-ci il Avropada indiyə qədər qeydə alınmış ən isti üçüncü il olub. Qitə üzrə orta temperatur 10,41 dərəcə kimi ölçülüb. Bu göstərici 2024-cü ildə qırılan rekorddan cəmi 0,30 dərəcə aşağıdır.

Daha diqqətçəkən məqam isə Avropanın demək olar ki, bütün ərazilərində ilboyu temperaturun normadan yüksək olmasıdır. Redinq Universitetindən professor Hanna Klouk bu vəziyyəti belə şərh edib:

"Avropanın 95 faizində bir il ərzində ortalamadan yüksək temperaturun müşahidə olunması artıq regional ekstremal hallardan yox, dəyişmiş iqlim sistemindən danışdığımızı göstərir".

İsti hava dalğaları geniş yayılır

Avropanın demək olar ki, hər yerində hiss olunan temperaturun 32 dərəcəni aşdığı günlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə İspaniyada bu cür ekstremal isti günlərin sayı ortalamadan 50 gün çox olub. Daha diqqətçəkən hadisə isə normalda sərin iqlimi ilə tanınan şimal bölgələrdə baş verib. Skandinaviya ölkələrinin qütbaltı ərazilərində üç həftə davam edən isti hava dalğası zamanı temperatur 30 dərəcəni keçib.

Avropa niyə daha sürətlə isinir?

Mütəxəssislərə görə Avropanın qlobal ortalamadan daha sürətli isinməsinin üç əsas səbəbi var:

1. Arktikaya yaxınlıq: Dünyanın ən sürətlə isinən bölgəsi olan Arktik son 30 ildə 0,75 dərəcə isinib və bu, Avropaya birbaşa təsir edir.

2. Hava çirkliliyinin dəyişməsi: 1980-ci illərdən bu yana aparılan ekoloji siyasətlər nəticəsində aerozol miqdarı azalıb, bu isə Günəş şüalarının daha az əks olunmasına və daha çox isinməyə səbəb olub.

3. Geri qidalanma dövrləri: Azalan qar örtüyü və artan temperatur bir-birini gücləndirən zəncirvari təsirlər yaradır. 2025-ci ilin mart ayında Avropadakı qar örtüyü 1983-cü ildən bəri qeydə alınan ən aşağı üçüncü səviyyəyə düşüb.

Nə baş verir? - Mütəxəssis rəyi

Mövzu ilə bağlı danışan meteorologiya mühəndisi Adil Tek bildirib ki, qlobal iqlim dəyişikliyinin əsas mənbəyi istixana qazlarıdır. Bu qazlar temperaturun artmasına səbəb olur. Temperatur yüksəldikcə isə iqlimin digər elementləri də dəyişir, yağıntı rejimləri və külək sistemləri tamamilə fərqli bir quruluşa keçir.

Avropada artan temperatur və quraqlıqların daha dərin atmosfer prosesləri ilə bağlı olduğunu qeyd edən Adil Tek deyib ki, Ekvator bölgəsində isinən hava yuxarı qalxır və şimala doğru hərəkət etdikcə soyumağa başlayır. Lakin bu hava kütlələri 25-30 dərəcə enliklərində çökür və bu zonalarda yüksək təzyiq sahələri formalaşır. Qütblər də isinir, amma enerji baxımından ən güclü isinmə Ekvatorda baş verir. Son illərdə bu çökmə zolağı daha şimala, yəni Aralıq dənizi hövzəsinə doğru sürüşüb.

Yüksək təzyiq sistemlərinin təsirlərinə diqqət çəkən Adil Tek bildirib ki, bu yüksək təzyiq sahələri çökdükdə yağıntını azaldır və quraqlığı artırır. Xüsusilə yay aylarında ‘istilik qübbəsi’ adlandırılan strukturlar formalaşır. Avropa qitəsində son illərdə artan ekstremal istilərin əsas səbəblərindən biri də məhz bu mexanizmdir.

Vəziyyət narahatvericidir

Artan temperaturun digər nəticəsi buzlaqların sürətlə əriməsidir. Avropa üzrə buzlaqlar geri çəkilərkən, İslandiya son illərin ən yüksək ikinci buzlaq itkisini yaşayıb. Daha geniş miqyasda isə Qrenlandiya Buz Təbəqəsi yalnız bir il ərzində 139 milyard ton buz itirib. Bu proses dəniz səviyyəsinin yüksəlməsinə birbaşa təsir göstərir.

Redinq Universitetindən doktor Eksey Deoras bu vəziyyəti "son dərəcə narahatverici" kimi qiymətləndirərək bildirib:

"1950-ci illərdən bəri iqlim şəraiti dramatik şəkildə dəyişib. Daha qısa qışlar, azalan qar örtüyü və artan ekstremal istilər iqlim sistemində balansın pozulduğunu göstərir".

Adil Tek də prosesin təhlükəli mərhələyə daxil olduğunu qeyd edərək bildirib:

"Uzun illərdir alışdığımız iqlim dövrü var idi. Lakin yaddaşımızdakı bu iqlim şərtləri artıq dəyişməyə başlayıb, hətta bəzi istiqamətlərdə tamamilə fərqlənib. Məsələn, qar yağışlarının sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu il şərq bölgələrində nisbətən daha çox yağıntı müşahidə edilsə də, bu kifayət deyil. Qərb bölgələrində isə demək olar ki, qar yağmır. Bütün bu dəyişikliklər yeni reallığa uyğunlaşma zərurətini yaradır. Ümumilikdə bu dövrün pozulması çox təhlükəlidir".

Paris sazişinin əsas hədəfləri

İqlim dəyişikliyi ilə mübarizədə ən mühüm beynəlxalq addımlardan biri olan Paris sazişi qlobal temperatur artımını məhdudlaşdırmağı hədəfləyir. Əsas məqsədlər aşağıdakı kimidir:

* Qlobal temperatur artımını 2°C-dən aşağı saxlamaq
* Mümkün olduqda artımı 1,5°C ilə məhdudlaşdırmaq
* Emissiyaların ən qısa zamanda pik həddə çatmasını təmin etmək
* Elmi məlumatlara əsaslanaraq sürətli emissiya azaldılmasını həyata keçirmək

Alimlər xüsusilə 1,5 dərəcə həddinin kritik olduğunu bildirirlər. Araşdırmalara görə, bu hədd aşılarsa, dünyanın dörddə birində ciddi quraqlıq riskləri yarana bilər.

Aydın
--> -->