Azərbaycan klubunun oyunçusu narkotik satdığı üçün həbs olundu
Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolae Kojuhari İrlandiyanın Offali şəhərində saxlanılıb.
Qaynarinfo "offalyexpress" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur. Onunla birlikdə daha iki nəfər tutulub.
Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.
Artıq Azərbaycan Basketbol Federasiyası (ABF) Nikolae Kojuharinin saxlanılmasına münasibət bildirib.
ABF-in icraçı direktoru Vüqar Əzimov "Report"a açıqlamasında moldovalı oyunçunun Azərbaycan Super Liqasında cəmi iki ay çıxış etdiyini bildirib. Əzimov 28 yaşlı idmançının ümidləri doğrultmadığı üçün göndərildiyini söyləyib: "Kojuhari "Sərkərdə"də çempionatın start götürdüyü ötən ilin oktyabrından dekabrın sonlarınadək çıxış etdi. Lakin o, ümidləri doğrultmadığı üçün komandadan kənarlaşdırıldı".
Federasiya rəsmisi Kojuharinin narkotik bitki satdığı üçün saxlanılması xəbərinin onlar üçün gözlənilməz olduğunu əlavə edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər