Ölkə 20:20 11.12.2023

Azərbaycanda I Liqa komandasının oyunları nəzarətə götürüldü (VİDEO)

Azərbaycan I Liqasının debütantı və autsayderi olan "Difai” (Ağsu) komandasının keçirdiyi matçlar danışılmış oyunlarda şübhəli bilinir.

Prosport.Az-ın məlumatına görə, komandanın son dəqiqələrdə, xüsusən də oyuna artırılmış vaxtlarda qapısından toplar buraxması araşdırılma aparılmasına səbəb olub.

Belə ki, komandanın IX turda Bakıda "İrəvan”la görüşdə 1:0 öndə olduğu matçda 80, 90+4 və 90+5-ci dəqiqələrdə top buraxması şübhələri artırıb. Həmçinin Zaqatalada eyniadlı komanda ilə matçda eyni hadisələr təkrarlanıb. Ağsu komandası hesabda 2:0 öndə olsa da, 51, 90, 90+4 və 90+6-cı dəqiqələrdə qapısından top buraxaraq 2:4 uduzub. Baxmayaraq ki, 90+1-ci dəqiqədən etibarən meydan sahibləri 1 nəfər azlıqda oynayıblar. 90+6-cı dəqiqədə komandanın kapitanının topu öz qapısından keçirməsi də qeyd olunmalıdır. Hər iki matçda komandanın qapıçısının azı 1 kobud səhvi də diqqətdən yayınmır.
Qeyd edək ki, "Difai” çempionatda yeganə qələbə qazanmayan komandadır. Klub cəmi 1 xalla sonuncu -10-cu pillədədir.