Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşəm “Böyük Misir Muzeyi” (“Grand Egyptian Museum”) açılıb.
Qaynarinfo xəbər verir ki, “National Geographic” nəşri turistlərin muzeydə mütləq görməli olduğu beş əsas eksponatı seçib.
1. II Ramzesin heykəli

Ziyarətçilər heroqliflərlə bəzədilmiş fasaddan keçərək geniş vestibülə daxil olduqda onları Misirin ən qüdrətli fironlarından biri olan II Ramzesin nəhəng heykəli qarşılayır. Təxminən 3200 il əvvəl hazırlanmış heykəlin hündürlüyü 11 metrdir.
1820-ci ildə altı hissəyə parçalanmış vəziyyətdə aşkarlanan heykəl bərpa edilib və onilliklər ərzində Qahirənin mərkəzində nümayiş etdirilib. “Böyük Misir Muzeyi”nin tikintisinə başlanıldıqda heykər oraya gətirilən ilk eksponat olub. Faktiki olaraq, muzey onun ətrafında inşa edilib.
2. Tutanxamonun maskası

Tutanxamonun məzarının 1922-ci ildə aşkarlanması bütün dünyada Qədim Misirə marağın inanılmaz dərəcədə artmasına səbəb olub.
Muzeydə gənc fironun məzarından tapılmış 5 mindən çox əşya nümayiş etdirilir. Lakin kolleksiyanın əsas incisi Tutanxamonun mumiyası ilə birlikdə aşkarlanmış, bütöv qızıldan hazırlanmış dəfn maskasıdır.
2014-cü ildə maskanın hörmə saqqalı təsadüfən zədələndikdən sonra eksponat diqqətlə bərpa edilib. Hazırda maska uzun ziyarətçi növbələrinin qarşısında şüşə vitrində parlayır.
3. Xeopsun günəş qayığı

Təxminən e.ə. 2500-cü ildə sidr ağacından hazırlanmış bu qayıq 1954-cü ildə Xeopsun Böyük Piramidasının yaxınlığında 1200 ayrı fraqment şəklində aşkarlanıb.
Hazırda qayıq müşahidə meydançaları olan nəhəng ikimərtəbəli qalereyada nümayiş etdirilir. Gəmi arxeoloji qeydlər əsasında diqqətlə yenidən yığılıb.
Qədim misirlilər inanırdılar ki, firon öldükdən sonra günəş tanrısı Ra ilə birlikdə səmada kosmik səyahətə çıxacaq. Buna görə də arxeoloqlar bu qayığı “günəş qayığı” adlandırıblar.
4. Hatşepsutun heykəli

Hatşepsut kral hakimiyyətinin yalnız kişilərə məxsus sayıldığı dövrdə fironun bütün səlahiyyətlərini öz üzərinə götürən azsaylı qadınlardan biri olub. Onun hakimiyyəti təxminən e.ə. 1470-ci ilə təsadüf edir.
Hakimiyyətini qanuniləşdirmək üçün Hatşepsut rəsmi incəsənət nümunələrində və yazılarda kişi hökmdar obrazında təsvir edilirdi. O, kişi titullarından istifadə edir, hətta saxta saqqal taxırdı. Bu xüsusiyyətlər qranitdən hazırlanmış heykəldə də əks olunub.
5. Ostrakonlar

Adətən diqqət Misirin məşhur hökmdarlarına yönəlsə də, böyük piramidaların kölgəsində çalışan sadə fəhlələrin həyat hekayələri çox vaxt diqqətdən kənarda qalır.
Lakin Yeni Padşahlıq dövrünə həsr olunmuş zallarda yazılarla örtülmüş və qraffitini xatırladan keramika qırıntıları – ostrakonlar nümayiş etdirilir.
Papirusdan daha ucuz alternativ olan ostrakonlardan gündəlik həyatda baş verən hadisələri qeydə almaq üçün istifadə edilirdi. Hazırda “Böyük Misir Muzeyi”ndə saxlanılan və Luksor yaxınlığında aşkarlanmış bu artefaktların bir çoxunun yaşı 3 min ildən çoxdur.
Kolleksiyaya cari inzibati məsələlərlə bağlı qeydlər, məsələn, xəstəlik səbəbindən işə gəlməyən fəhlələrin siyahıları daxildir. Hətta qayınanadan şikayət edilən bir fraqment də var.
Aydın
Şərhlər