Nazlı Ağayeva
Hökumət adamı and-aman eləyəndə ki, vətəndaşların qəbul
gününə həmişə eyni adamlar gəlirlər, deməyə bəhanə tapmayıb yardımdan-zaddan alıb
gedirlər, düzü inanmamışdım. Ötən həftələrdə özüm qəbula getməli oldum. İki gün
əvvəldən ha axtardım, qəbul rəsmilərinə ərz etməyə bir problemim olmadığını
anladım. Çox baş sındırandan sonra axır ki, ümumi küçəmizdə sıradan bir
lampanın yanmadığını xatırladım. Hərçənd digərləri yanır, amma bu əskiklik şəhərimizin
yaraşığını pozurdu.
Səhər tezdən durub ünvana yollandım. Nəhəng binanın
əsas olmayan qapısında xeyli adam vardı. Son dəfə qəbulda yerli qəzetdə
işlədiyim zaman olmuşdum. Kimdən və nədən ötrü getdiyimi xatırlamıram, o
zamanın kommunist başçısı demişdi ki, elə edin, bu qızı buralarda görməyim.
İndiyə qədər davam edən adətə görə birinci şəxsin sözünə söz gətirmək olmazdı.
Əssabələr çaşıb qalıbmış. Yollardan ilk ağla gələni öldürmək deyilsə bəs necə
etsinlər? Büronun üzvlərindən biri nəhayət çıxış yolu tapıb ki, ən salamatı başqa
rayona ərə verməkdi.
O qatar getdi. Biz indiyə qədər dayanacaqda
çaşqın-çaşqın ədalət axtarırıq. "Büroçular” daha böyük iddialarla eyni primitiv
beyin sahibləri olaraq yenə həmin kürsülərdə oturublar. Və artan kütlə ilə
sovetin atasına rəhmət oxutdururlar. İndi mən söhbəti niyə belə gərginləşdirirəm
ki? Hazır gülə-gülə yola vermək var ikən.
***
Şəhərin düz ortasındakı cənnətməkan "ada”nın həftədə
yalnız bir gün qara camaata aid olan tinindəki adamların arasında oturdum. Qeydiyyta
düşməyə də onlar göndərdilər. Bu işə baxan sütül məmur adımın qabağında qələmi
saxlayıb nə üçün gəldiyimi soruşdu. Cim-ciddi qırımından qorxub uzatmadan
qısaca "sosial məsələ” dedim.
Qəbuldaşlarımla dərhal ünsüyyətə başladıq. Əlil
arabasındakı gəncin gözlərinə baxa bilməyib, yanaşı oturduğumuz solğun sifətli arıq
kişidən nə şikayəti olduğunu soruşdum. O da qazi imiş. Məndən yaşca kiçik
olmalıydı, amma yaşıd kimi görünürdük. Müharibədən çıxmış canının müalicəyə,
əməliyyata ehtiyacı vardı yəqin. Üstəlik torpağını da əlindən alıblarmış ki,
onsuz da ailən yoxdu. "Demək olar ki, qəbristanlıqda qalıram”, - dedi.
"Yaşayıram” demədi.
Bir ağsaqqal aylardır gəlib bircə dəfə "birinci katib”i
görə bilmədiyindən uca səslə gileylənirdi. Kimsə yavaşdan başa saldı ki, birincini
görmək üçün ara günlərdə gəlib köməkçiyə müraciət etmək lazımdır. Köməkçiyə
xahiş etdirmək üçün başa salanın "hörmətli” bir yaxını var imiş. Telefon
alıb-verəndən sonra ağsaqqal sevinə-sevinə çıxıb kəndinə getdi. Məmmədhəsən əmini
xatırlayıb kövrəlsəm də, özümü bədbin hisslərə qapdırmamaq üçün gülümsədim. Həm
də burda kədərli nə vardı ki? O adam o adama deyəcək, o adam da köməkçiyə.
Köməkçi uyğun bir zaman tapıb başçıya. Böyük ehtimalla başçı tədbirlərin və
qonaqların az ola biləcəyi günlərin birində o ağsaqqalı qəbul etmək istəyəcək. Qalanını
şansa buraxaq. Əsas olan problemin həlli yolunun tapılmasıdır.
Pozitiv düşüncələrə daldığım şirin anlardan köməkçinin
səsinə ayıldım. Buyur, "sağalacaq xəstənin yanına həkim öz ayağı ilə gələrmiş”,
hayıf ki, Məmmədhəsən əmi getmişdi. Yoxsa "dəmiri isti-isti döyərdik”. O arada macal
tapıb rəhmətlik atalarımıza da minnətdar oldum. Kişilər maşallah, hər şeyə bir
məsəl qoyub gediblər, əlini hara atsan məsəldi. Köməkçi dünyanın ən xoş
xəbərini gətirmiş kimi qarşımda durmuşdu. Ortada bir sürpriz vardı, amma nə?
Azca kənara çəkildik. Dedi ki, başçı sizi kameradanmı,
pəncərədənmi görüb, narahat olub. Siz bura istədiyiniz vaxtda gələ bilərsiniz
axı, niyə məhz bu gün gəlib növbəyə yazılmağınıza məəttəl qalıb. Yuxarıda
gözləyir, xahiş edirəm, qalxaq.
Ətrafda yalnız buna görə son ümidə köklənib dəfələrlə o
binaya üz tutan adamlar vardı. Mənim məqsədim isə altı-üstü bir yazı idi. Mövzu
qıtlığından deyil, vətəndaş-məmur münasibətlərinə dopdolu bir göz atmaq üçün
oradaydım. Həm də başçının qəbulda olacağı təqdirdə qayıdıb gedəcəkdim. Sadəcə onu
deyib gələn əhalinin ikinci mərtəbədən seyr olunma varinatını hesablamamışdım. Olsun,
mən yenə əslində bizi qəbul etməyənlərin ümumiləşmiş təmsilçisinin xüsusi dəvətini
qəbul etdim. Yuxarıda hər şey o qədər aşkar idi ki, adam kəlməbaşı onun
səmimiyyətinə inanmağımı xahiş edirdi. Əksini onsuz da bacarmadığıma görə mən
belə ricada bulunmadım. Səmimiyyət deyilən şey məndə anadangəlmədir. Məsələn,
xal kimi. Buna görə lovğalanmıram, təəssüflənmirəm də.
O gün o kabinetdə yaşananlar hələ bitməmiş ayrı tragikomik
mövzudur. Sağlıq olsun. Hər halda mən vətəndaş-məmur layihəmin ilk kövrək
uğurunu yaşadım. Evə qayıdarkən Beynəlxalq bankın qarşısında oturub dünyaya
kədərlə baxan möhtəşəm bir itin qürur hekayətini isti-isti yazıya köçürərək...
Şərhlər