Dünya 15:50 20.02.2023

Bayden Kiyevə niyə gizlincə gəlib? - "New York Times"

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden "xəbərdarlıq etmədən Vaşinqtonu tərk edib” və Polşadan qatarla Kiyevə gəlib.

Qaynarinfo xəbər verir ki, "The New York Times” bu səfəri "onun administrasiyasının qətiyyətinin nümayişi" kimi qiymətləndirib.

Nəşr yazır ki, Baydenin Kiyevə səfəri təhlükəsizlik məqsədilə gizli aparılıb, çünki "şənbə günü axşam o, həyat yoldaşı ilə restoranda şam etdikdən sonra Vaşinqtonu xəbərdarlıq etmədən tərk edib”.

Jurnalistlər xatırladırlar ki, rəsmilər Baydenin Avropaya səfəri zamanı Polşadan başqa hər hansı ölkəyə səfər etməyi planlaşdırdığını dəfələrlə təkzib ediblər.

Həqiqətən də, bazar günü axşam Ağ Ev bazar ertəsi üçün prezidentin qrafikini açıqlayıb, həmin qrafikə görə, ABŞ prezidenti hələ də Vaşinqtonda olmalı və axşam saatlarında Varşavaya uçmalı idi, baxmayaraq ki, o, artıq dünyanın yarısı dəf edib. 

"Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı göstərdiyi dəstəyə görə prezident Baydenə minnətdaram”, – Zelenski Baydenlə görüşündə bildirib.

Ukrayna prezidenti Baydenə Kiyevə gəldiyinə görə təşəkkür edib və bildirib ki, bütün Ukrayna bu hadisə ilə fəxr edir.

Kiyevdə keçirdiyi brifinqdə Co Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı tamamilə məhv etmək istəyir. Bununla belə, Qərb nə qədər lazımdırsa, ukraynalıları dəstəkləyəcək.

"Biz bilirik ki, qarşıda çətin günlər, həftələr və illər var. Putinin məqsədi Ukraynanı xəritədən silməkdir”, - deyə Bayden bildirib.

"Vaşinqtonda gecə, Kiyevdə səhər tezdən idi. Rusiya təyyarələri havada idi, tanklar sizin sərhədinizdən keçirdi, mənə dedin ki, partlayış səsləri eşidirsən. Mən onu unutmayacağam. Səndən soruşdum: sənin üçün nə edə bilərəm?” - Bayden fevralın 24-də Zelenski ilə ilk söhbətini xatırladıb.

Bu suala o, amerikalı həmkarından dünya liderlərini toplayıb Ukraynaya dəstək vermələrini xahiş edib.

"Bir daha nə vaxt danışa biləcəyimizi bilmədiyini söylədin. Keçən ilin həmin gecəsində dünya sözün əsl mənasında Kiyevin süqutuna hazırlaşırdı. Bəlkə də Ukraynanın sonuna. Buna baxmayaraq, bir ildən sonra Kiyev duruş gətirir, Ukrayna duruş gətirir. Demokratiya duruş gətirir. Amerikalılar sizinlədir, dünya sizinlədir. Deməliyəm ki, Kiyev ürəyimin bir parçasını fəth etdi. Mən bura altı dəfə vitse-prezident, bir dəfə prezident kimi gəlmişəm”, - Bayden Kiyevdən bildirib.

Həmçinin səfər zamanı dövlət başçıları 500 milyon dollarlıq yeni hərbi yardım paketini müzakirə ediblər. ABŞ prezidentinin sözlərinə görə, yardım paketinə daha çox hərbi texnika, o cümlədən artilleriya sursatları və haubitsalar daxil olacaq. Ağ Ev qeyd edib ki, paketdə HIMARS sursatları, tank əleyhinə sistemlər və hava nəzarəti radarları olacaq.
 
"Rolling Stone" jurnalının jurnalisti Jim Laportanın sözlərinə görə, ABŞ prezidenti Co Baydenə Ukraynaya səfər üçün bir sıra ssenarilər, o cümlədən Vladimir Zelenski ilə Polşa-Ukrayna sərhədində və ya Lvovda görüş təqdim edilib, lakin prezidentin özü Kiyevə səfər etməkdə israr edib.

Xatırladaq ki, bazar ertəsi, fevralın 20-də ABŞ prezidenti Co Bayden Avropaya səfərinə Kiyevə gözlənilməz və simvolik səfərlə başlayıb. Onu Polşada gözləyirdilər, lakin Bayden Ukraynanın paytaxtında peyda olub - bu, onun Rusiya işğalından sonra Ukraynaya ilk səfəridir.

Nizami Bağırov