İdman 15:52 26.11.2021

Bəxtiyar Musayev: "Hakimin "Omoniya"ya əməlli-başlı simpatiyası hiss olunurdu"

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Bəxtiyar Musayev "Qarabağ”ın "Omoniya” ilə matçı haqda düşüncələrini bölüşüb.

O, Qaynarinfo-ya açıqlamasında komandanın oyununu dəyərləndirib, hansı səhvləri gördüyünü deyib:

"Qarabağ” ilk dəqiqələrdən sona qədər böyük üstünlüyə malik oldu, çox xoş təsir bağışladı. Gözəgəlimli oyun göstərdi. Təəssüflər olsun ki, hesabda önə keçəndən sonra təsadüfi qol buraxdılar. Hansı ki, 100 dəfə belə vəziyyət yaransa, bir qol buraxmaq olardı. Onda da təəssüf ki, rəqibin zərbəsi dəqiq oldu. Amma hələ son oyun var. "Bazel”lə rəqib meydanında qarşılaşacaqlar. Könül istər ki, qrup mərhələsini birinci yerdə bitirək. Bunun üçün də ancaq qələbə lazımdır. İnşallah bu baş verər və "Qarabağ” qrupdan lider kimi çıxar”.

Buraxılan ikinci qola görə əsasən Şahruddin Məhəmmədəliyev günahlandırılır. Bəs veteran futboçu nə düşünür:

"Şanssızlıq oldu. Düzdür, qapıçı irəlidə idi. Adətən, top müdafiəçilərin arxasına ötürüləndə qapıçılar bəzən onları sığortalamaq üçün irəli çıxırlar. Təəssüf ki, bu belə alınmadı. Rəqibin də ustalığını qeyd etmək olar. 10 dəfə həmin məsafədən zərbə vursaydı, bəlkə də topu qapıdan keçirə bilməzdi. Bununla yanaşı, Şahruddin qayıdanda ayağı sürüşdü, yıxıldı. Yəni bunu şanssız an kimi dəyərləndirərdim. Düzdür, hansı tərəfdən baxsan, qapıçının xətası görünür. O, komandasına kömək etmək istədiyi üçün irəli çıxmışdı”.

Musayev hər iki komandanı müqayisə edərkən, bunları dedi: 

"Səfərdəki oyunda "Qarabağ” 4:1 hesablı möhtəşəm qələbə qazanmışdı. Hansı ki, ilk hissədə komanda hesabda geri düşmüşdü. İkinci hissədə "Qarabağ” möhtəşəm oynamışdı. Dünən də oyunun başlanğıcından sonuna qədər "Qarabağ” üstün durumda oldu. Hər komponentdə rəqibini üstələyirdi. Ona görə də belə oyunun sonunda heç-heçə olması təssüfləndirici məqam idi. Ayrı-ayrı oyunçulara gəlincə, son matçlarda Ozobiç xoş təsir bağışlamır. Oyununda eniş hiss olunur. Əvvəllər 2-3 qol epizodundan ən azı birini dəyərləndirirdi. Son vaxtlar belə deyil. Əldə etdiyi şanslardan yararlana bilmədi. Əksəriyyət düşünə bilər ki, qol vəziyyətlərində iştirakı yaxşıdır. Amma mənə görə, zəif bənd idi. Bir faktor da var ki, rəqib 90 dəqiqə ərzində müdafiəyə oturmuşdu. "Qarabağ”ın hücumçuları İbrahima Vadji ilə Ramil Şeydayev dribblinqi olmayan futbolçulardır deyə belə vəziyyətdə rəqib müdafiəsini yarmaq onlar üçün çətin olur. Zubir komandanın əsas silahlarındandır. Dünən ona qarşı oynayan müdafiəçi cəld görünürdü və çox da rahat oynamağa imkan vermirdi. Rəqib "Qarabağ”ın oyununu öyrənmişdi. Zubir bir müdafiəçidən sıyrılan kimi, dərhal ikinci oyunçu onun qarşısını kəsirdi”.

Musayev hakimin də rəqibə simpatiya göstərdiyini dedi: 

"Hakimliyi qeyd etmək istərdim. Təəssüf ki, "Qarabağ”ın heç-heçə oynamasında hakimin əməyi oldu. Nəinki qol və penalti epizodlarında, ümumiyyətlə, oyun ərzində hakim rəqibə simpatiya göstərdi. Bir məqam oldu ki, Zubiri qapı xəttinin yaxınlığında yıxdılar. Onu necə cərimə zərbəsi kimi qiymətləndirməmək olardı? Ancaq "Qarabağ”ın epizodunda dərhal, düşünmədən penalti vermişdi. Hakimin oyun ərzində rəqibə əməlli-başlı simpatiyası hiss olunurdu. Təəssüf ki, "Qarabağ”a qarşı kobud səhvlərlə yadda qaldı”.

Heç-heçəni şanssızlıq adlandıran mütəxəssis "Qarabağ”ın qarşıdan gələn "Bazel”lə matçına da toxundu: 

"Şanssızlıq oldu. Belə müdafiədə oynayan komandaya qarşı "Qarabağ” son dəqiqəyə kimi əlindən gələni etdi. Qol da vurduq, önə də keçdik, amma şanssız gecə idi. Ümid edək ki, son matçda şans "Qarabağ”ın tərəfində olacaq. "Bazel”i məğlub edib qrup lideri olarlar. Rəqib güclüdür. Düzdür, "Bazel” Bakıda zəif çıxış etdi, ev amili də var. Həm də qrupda ilk oyun idi. İndi "Qarabağ”ı daha çox tanıyırlar. Düşünürəm ki, rəqib meydanında çətin olacaq. Burdakı oyunlarına əsasən deyə bilmərik ki, "Bazel”dən güclüyük. Çünki köklü klubdur, büdcələri çoxdur və oynadıqları çempionat bizimkindən fərqlənir. "Qarabağ” onsuz da boyundan hündürə tullanıb belə nəticə göstərir. Ona görə də "Qarabağ” "Bazel”i rəqib meydanında məğlub etsə, çox böyük işə imza ata bilər. "Bazel” üstündür, amma "Qarabağ” komanda oyunu sayəsində Bakıda ikiqat yaxşı oynamışdı. Bu çox xoşdur”.

Səbuhi Həsənov