Xəbər lenti

Brüssel müharibə riski fonunda vacib mineralların ehtiyatını yaradacaq
Dünya 15:10 06.07.2025

Brüssel müharibə riski fonunda vacib mineralların ehtiyatını yaradacaq

Avropa İttifaqı vacib mineralların və kabel təmir modullarının ehtiyatını yaratmağa hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" nəşrinin əldə etdiyi məlumatda deyilir.

Məlumatına görə, Avropa Komissiyasının layihə sənədində bildirilir ki, bu addım artan geosiyasi gərginliklər, iqlim dəyişikliklərinin təsiri, ətraf mühitin pisləşməsi, hibrid və kibertəhdidlər fonunda blokun müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.

Komissiya bəyan edib ki, Aİ ölkələri ərzaq, dərman və hətta nüvə yanacağı ehtiyatlarını koordinasiya etməlidirlər. Eyni zamanda, enerji təchizatı və optik kabellərdə baş verə biləcək nasazlıqlardan sonra bərpa işlərinin tez bir zamanda həyata keçirilməsi üçün kabel təmiri modulları, nadir torpaq elementləri və daimi maqnitlər kimi komponentlərin ehtiyatlarının yaradılması sürətləndiriləcək.

Bu komponentlər enerji və müdafiə sistemləri üçün həlledici əhəmiyyət daşıyır.

Qeyd olunur ki, təbii fəlakətlərlə əlaqədar fövqəladə hallar zamanı reaksiya tədbirləri çərçivəsində Aİ artıq 22 üzv ölkədə yanğınsöndürmə təyyarələri və helikopterləri, tibbi təxliyə üçün təyyarə, səyyar hospital və həyati vacib tibbi avadanlıqları əhatə edən resurslara sahibdir.

Bununla belə, Komissiya bildirib ki, üzv ölkələr arasında koordinasiyanı gücləndirmək məqsədilə "ehtiyatlar şəbəkəsi" yaradılacaq. Sənəddə qeyd olunur ki, sürətlə dəyişən risklər fonunda fövqəladə hallara hazırlıq üçün zəruri məhsulların dəqiq siyahısı və bu sahədə ümumi anlayış kifayət qədər deyil.

Həmçinin hər region və böhran növünə uyğunlaşdırılmış, mütəmadi yenilənən vacib məhsullar siyahısı hazırlanacaq.

Çin mənşəli nadir torpaq elementlərinin çatışmazlığı dünya ticarətini və qlobal təchizat zəncirlərini təhlükə altına salıb. Səbəb Çində lisenziyaların verilməsinin ləng getməsidir.

Nəticədə bəzi Avropa avtomobil ehtiyat hissələri zavodları fəaliyyətini müvəqqəti dayandırmalı olub.

Məlumata görə, 2025-ci ilin may ayında Çindən ixrac olunan nadir torpaq məhsullarının, o cümlədən güclü maqnitlərin həcmi son beş ilin ən aşağı səviyyəsinə düşüb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->