Cəmiyyətdə müxtəlif tip insanlar var. Utancaq, passivdən tutmuş söhbətcil, aktivə qədər. Zamanı gələndə ailə qurmaq utancaq, söhbətcil olmayan, həyatı evdən işə, işdən evə getməkdən ibarət olanlara çox çətin olur. Əgər bu insanlar küçədə biri ilə tanış olmağı bacarmırlarsa ailənin ona partnyor (yataq yoldaşı) tapmasının ümidinə qalmalı deyillər ki.
Tanışlıq saytları təcrübəsi bizdə illər öncə də olub. Yalnız bu tip yerlər tezliklə əxlaqsız məkanlara çevrilib. Çünki dəyəri mənfi olanlar həmin saytlardan yatmaq üçün birini tapmaq, varlı partnyor qarmağa keçirməkdən ötrü istifadə etməyə çalışıblar.
Tanışlıq saytlarında oğlanların elanlarında gözəl qız, boşanmış qadın axtarmasına (yatmaq məqsədilə), qızların isə ilk dəfə yazan kimi iş, ev, pulun olmasını, sonra görünüşü soruşmaqlarına bütün hallarda rast gəlmişəm.
Gəlin xarici tanışlıq saytlarına baxaq. Evlənən cütlükləri daima fərqlənir. Onlardan çoxu kompleksli, artıq çəkidən əziyyət çəkən, qüsurlu, əlil, görünüşü yaraşıqlı olmayanlardır. Belə evliliklər düşündüyüm qədərilə daha möhkəm olur. Çünki onlar nə pula, nə də evə görə bir-birini bəyənmirlər. Yalnız xasiyyətə görə. Xasiyyəti tutan insanlar niyə xoşbəxt olmasın ki?!
Cəmiyyətimizdə ümumilikdə virtual tanışlığa pis baxılır. Sual olunar ki, məkanın nə fərqi var ki? İnsan hər yerdə olduğu kimidir. İnternet məkanında insanın iç üzünü aydın etmək daha asandır.
İnsanların ünsiyyət problemini nəzərə alıb tanışlıq saytlarının yaradılması mütləqdir. Xarici saytların təcrübəsindən istifadə etmək olar. Düzdür, qeydiyyat 60-70 dollardan başlayır onlarda. Kasıb ölkə olduğumuzdan bir az çox görünə bilər. Pul məsələsi ilə səviyyəsiz insanları burdan uzaq durmağına nail olmaq olar. Bu sahə həm də gəlirli biznes sahəsinə çevrilə bilər. Aydın məsələdir ki, orada da qız tutan qaqaşlar, maddiyyat düşkünü qızlar peyda olacaq. Lakin güclü və peşəkar admin heyəti bunun da öhdəsindən gələ bilər.
Biz özümüz üçün illərlə yaşamışıq. Bəlkə bir az da digərlərinin problemlərini düşünək. Ünsiyyət problemli, əlil, qüsurlu, qapanıq insanları. Hamının xoşbəxt olmağa çalışmaq imkanına mane olmaq olmaz.
Yusif Hansen
Qaynar.info
Şərhlər