ABŞ müdafiə naziri Pit Hegset keçən həftə Ukraynaya silah tədarükünü dayandırmaq qərarını Ağ Evə əvvəlcədən bildirməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məsələ ilə tanış beş mənbəyə istinadla məlumat
yayıb.
Xüsusilə prezident Donald Tramp bu qərara görə məsuliyyət daşımadığını bəyan edib. Ondan silah tədarükünün dayandırılmasını təsdiqləyib-təsdiqləmədiyi soruşulduqda, Tramp bu suala birbaşa cavab verməkdən yayınaraq deyib: "Bilmirəm. Bunu niyə mənə demirsiniz?”
CNN qeyd edir ki, bu hadisə Tramp administrasiyasında, xüsusilə Hegsetin rəhbərlik etdiyi Müdafiə Nazirliyi çərçivəsində siyasət formalaşdırma prosesinin tez-tez xaotik xarakter daşıdığını bir daha nümayiş etdirir.
Mənbələrin bildirdiyinə görə, bu, Hegsetin bu il ərzində Ukraynaya ABŞ silahlarının tədarükünü dayandırmaq üçün verdiyi ikinci fasilə qərarıdır və bu da milli təhlükəsizlik üzrə yüksək vəzifəli rəsmiləri çətin vəziyyətə salıb.
Mənbələr əlavə edirlər ki, ilk belə hal fevralda baş verib, lakin qərar qısa müddətdə ləğv olunub – eynən bu həftənin bazar ertəsi axşamı kimi, Tramp silah tədarükünün davam edəcəyini bəyan etdikdən sonra, baxmayaraq ki, Hegset tədarükə fasilə verilməsi barədə sənədi imzalamışdı.
Bundan əlavə, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və dövlət katibi Marko Rubio da fasilə barədə əvvəlcədən xəbərdar edilməyiblər – onlar bu haqda KİV-dən öyrəniblər, bunu isə administrasiyadan yüksək vəzifəli şəxs və CNN-in daha iki mənbəsi təsdiqləyib.
Pentaqonun mətbuat katibi Kingsli Uilson CNN-ə bildirib:
"Nazir Hegset prezidentə hərbi yardımın həcmini və mövcud ehtiyatları qiymətləndirmək üçün əsas təqdim edib. Bu iş hökumət səviyyəsində koordinasiya olunub”.
Jurnalistlərin Hegsetin qərarı Ağ Evə bildirilib-bildirilimədiyi ilə bağlı sualına cavab verən Ağ Evin mətbuat katibi Kerolayn Levit qeyd edib: Pentaqon yoxlama aparıb ki, "xarici ölkələrə göstərilən hər bir yardım ABŞ-ın maraqlarına cavab verir”.
Onun sözlərinə görə, Tramp "bu vəhşi müharibədə qətlləri dayandırmağa kömək etmək” üçün Ukraynaya müdafiə xarakterli silahların tədarükünü davam etdirmək qərarı verib və bu istiqamətdə Pentaqonun "fəal işlədiyini” bildirib. Levit əlavə edib ki, "prezident müdafiə nazirinə tam etimad göstərir”.
CNN yazır ki, Hegsetin bu qərarı Ağ Evlə razılaşdırmadan verməsi, onun nə aparat rəhbərinin, nə də vacib siyasi qərarların koordinasiyası üçün etibarlı müşavirlərinin olmaması ilə əlaqələndirilir.
Xatırladaq ki, daha əvvəl Politico yazmışdı: ABŞ Ukraynaya bəzi silahların tədarükünü dayandırır. Qərar iyun ayında verilsə də, yalnız indi qüvvəyə minib.
Bununla yanaşı, ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brüs Ukraynaya hərbi yardımın taleyi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu qərar yardımın tamamilə dayandırılması anlamına gəlmir:
"Biz Ukraynaya silah tədarükünü dayandırmamışıq. Bu yalnız bir aspektdir, bir vəziyyətdir, bir hadisədir. Müdafiə Nazirliyinin də bildirdiyi kimi, Ukrayna və silah tədarükü ilə bağlı vəziyyət üzrə çoxsaylı digər güclü imkanlar və səylər mövcuddur”.
"The Wall Street Journal” isə yazır ki, Tramp silah tədarükünün dayandırılmasına aidiyyəti olmadığını bəyan edib.
Məqalədə qeyd olunur ki, Tramp ötən cümə günü Zelenski ilə telefon danışığında, ABŞ-ın ötən ay İrandakı nüvə obyektlərinə zərbə endirməsindən sonra Pentaqonun sursat ehtiyatlarının yoxlanması barədə göstəriş verdiyini bildirib, lakin silah tədarükünün dondurulması əmrini vermədiyini deyib.
Tramp Zelenskiyə zəng zamanı əlavə edib ki, "ABŞ Ukraynaya mümkün qədər çox hərbi yardım göstərməyə hazırdır”.
Alpər
Şərhlər