Estoniya Avropa İttifaqının Rusiyaya qarşı nəzərdə tutulmuş 18-ci sanksiya paketini bloklaya bilər. Tallin tələb edir ki, sənəddə Rusiya neftinin maksimal qiymət həddinin azaldılması müddəası saxlanılsın.
Qaynarinfo bu barədə ERR portalına istinadən xəbər verir.
"Biz çox aydın mövqe tutmuşuq - neft qiymətinin azaldılması bu paketin tərkibində olmalıdır. Bu məsələdə mövqeyimiz son dərəcə qətidir", deyə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib.
Onun sözlərinə görə, daha aşağı qiymət həddinin tətbiqi yeni sanksiya paketinin ən güclü hissəsi olacaq. Tsaxkna qeyd edib ki, qiymətin hazırkı 60 dollardan 45 dollara endirilməsi Avropa Komissiyasının ilkin layihəsinə daxil edilmişdi.
Lakin bildirilir ki, Aralıq dənizi regionunun geniş gəmiçilik sektoruna malik ölkələri, xüsusilə də Malta, bu məhdudiyyətin sənəddən çıxarılmasını istəyir. Qeyd olunur ki, Avropa İttifaqının xarici siyasət sahəsində qərarları bütün üzv dövlətlərin razılığı ilə qəbul olunur.
Tsaxkna Estoniyanın mövqeyinin Avropa Komissiyası tərəfindən təklif edilən sanksiya paketinin ilkin variantının qəbul edilməsinə yönəldiyini, bəzi ölkələrin bu sənədi zəiflətmək və qiymət həddini çıxarmaq istəyinə qarşı olduqlarını bildirib. O ümid edir ki, Tallinin mövqeyi Aİ-nin aparıcı ölkələri tərəfindən dəstəklənəcək.
Estoniyanın XİN rəhbəri əlavə edib ki, hazırkı 60 dollarlıq qiymət həddi artıq iki ildir qüvvədədir və indiyədək azaldılmayıb, çünki aparıcı Qərb ölkələri bu addımı dəstəkləməyiblər. Lakin Tsaxkna hesab edir ki, artıq G7 ölkələrinin qiyməti azaltmağa hazır olduğuna dair işarələr var. Onun sözlərinə görə, son günlər ABŞ-dan da Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqinə dair siqnallar gəlib. Tsaxkna vurğulayıb ki, senatorlar Lindsi Qrem və Riçard Blyumentalın təşəbbüsü ilə hazırlanan tədbirlər paketi ilə Aİ-nin yeni sanksiya paketi eyni vaxtda qüvvəyə minərsə, bu, Moskvaya ciddi təzyiq göstərə bilər.
Avropa Komissiyası tərəfindən təklif olunan 18-ci sanksiya paketi yalnız Rusiya neftinə tavan qiymətin azaldılmasını deyil, həm də Aİ üzvlərinin Rusiya enerji infrastrukturundan istifadə etməsinə qadağa və sanksiya siyahısına yeni bankların əlavə edilməsini nəzərdə tutur.
Bu paketə qarşı əvvəlcə Macarıstan və Slovakiya çıxış edib. Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, onların bu addımı Aİ-nin Rusiya enerji resurslarından mərhələli şəkildə imtina planına cavabdır.
İyul ayının əvvəlində Slovakiya, energetika ilə bağlı əsas narahatlıqlar və xəbərdarlıqlar aradan qaldırılmadığı üçün, sanksiya paketinin qəbulunu bloklayıb. Lakin jurnalist Rikard Yuzvyakın məlumatına görə, Avropa İttifaqı Slovakiyanın enerji tələblərini nəzərə alıb və bu da yeni sanksiya paketinin qəbul şanslarını artırır.
Aydın
Şərhlər