"Tramp bu fikirləri səsləndirərkən Rusiyaya qarşı hansı sürprizləri etməyi hədəflədiyini yəqin ki, özü də bilmir. Amma istənilən halda bu istiqamətdə addımların atılacağı ehtimalı böyükdür".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq istəməyən rusiyalı həmkarı Vladimir Putinə sürpriz hazırladığı barədə açıqlamasını şərh edərkən deyib.
"Bu onu deməyə əsas verir ki, Rusiyaya qarşı Tramp tərəfindən hansısa addımlar atılacaq. Bəlkə də bu yöndə hansı addımlar atacağını hələlik Trampın özü də bilmir. Bu da onun fikrini tez-tez dəyişməsilə bağlıdır. Hər halda zamana ehtiyac var. Amma istənilən halda Rusiya dayandırılmalıdır. Görünən odur ki, Tramp da bu fikirdədir", deyə Arzuxan Əlizadə bildirib.
Bu əsasda deputatın fikrincə, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini, Ukraynaya dəstəyin artırılmasını da gözləyə bilərik:
"Ukraynaya dəstək çərçivəsində müdafiə silahları verilməsinə qərar verilib. Hər halda müharibənin dayandırılması üçün Rusiyaya ciddi basqının göstərilməsinə ehtiyac duyulur".
Lakin həmsöhbətimiz Trampın Putinlə bağlı səsləndirdiyi həmin fikirlərini dəyişəcəyini də istisna etmir:
"Ağ Evdə keçirilən mətbuat konfransında Tramp Putinlə bağlı son fikirlərini dilə gətirib. Ona görə son fikirləri deyirəm ki, Trampın fikrini dəyişməyəcəyi də ehtimal edilmir. Amma istənilən halda Trampın Putindən narazılığı təbiidir. Çünki ikinci prezidentliyi dövrünə başladığı dövrdən bu günə qədər Tramp Putinlə bir neçə dəfə danışıqlar aparıb. Bu fonda Trampın Putinə simpatiyasının olduğu açıq şəkildə görünürdü. Amma indi Putindən daha çoxunu gözləyən Tramp məyus olub. Artıq Putin onun etimadını doğrultmayıb deyə, Tramp tərəfindən istənilən halda Rusiya prezidentinə qarşı aqressiya nümayişi gözlənilə bilər".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinlə bağlı planlarının olduğunu açıqlayıb. O, jurnalistin "Siz az əvvəl dediniz ki, Vladimir Putindən narazısınız. Bəs nə etməyi planlaşdırırsınız" sualına cavabında bildirib ki, Putinə sürpriz hazırlayır:
"Amma nə olduğunu sizə deməyəcəyəm. Axı biz kiçik bir sürpriz etmək istəmirik. Bu nə isə böyük bir şey olmalıdır. Putin bizə bir yığın cəfəngiyyat danışdı. Qulağa xoş gəlir, amma əslində mənasızdır".
Rüfət Sultan
Şərhlər