"Entoni Blinkenlə Türkiyə rəhbərliyi arasında görüşdə əldə olunan razılıqlar Yaxın Şərqdəki münaqişənin daha da genişlənməsinin qarşısını almağa yönəlib. Münaqişənin dayandırılması və yaxud həllinə isə bu səfərin elə də güclü təsiri olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyə səfərinin yekunlarını şərh edərkən deyib.
Politoloq bildrib ki, ABŞ-ın Yaxın Şərq regionuna olan maraqları fonunda Blinkenin Türkiyəyə səfəri başa düşüləndir:
"ABŞ hegomon ölkə olaraq dünya miqyasında təhlükəsizliyin təmin olunmasında özünü məsul hesab edir. Yaxın Şərq regionunda bu ölkənin 50-dən çox hərbi bazası var. Bu baxımdan, Blinkenin səfərə ilk növbədə Türkiyədən başlamasının özü Ankaranın prosesdə oynadığı rol və qardaş ölkəyə olan diqqət baxımından da önəmlidir. Türkiyə Yaxın Şərq regionunun güclü NATO ölkəsi olmaqla yanaşı, bölgədə gedən proseslərdə həmişə aktiv rol oynayıb".
Həmsöhbətimiz bildirib ki, Blinkenin bu səfərinin öncə regionda sülhün əldə edilməsi yolunda Türkiyənin rolunun aktivləşdirilməsi baxımından böyük rolu olacaq.
"Səfər və keçirilən görüşlərin ikitərəfli münasibətlərdə olan müəyyən gərginliklərin aradan qaldırılmasına da köməyi dəyəcək. Bu, ilk növbədə F-16 və ikitərəfli ticarət əlaqələrilə bağlı məsələlərdir. Blinkenlə Türkiyə rəhbərliyi arasında əldə olunan razılıqlar sadəcə olaraq, Yaxın Şərqdəki münaqişənin daha da yayılması və genişlənməsinin qarşısını almağa yönəlib”, deyə Azər Qasımov vurğulayıb.
Qeyd edək ki, ötən gün ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edərək, burada həmkarı Hakan Fidan və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə, İsrail-HƏMAS, Ukrayna məsələsi, İsveçin NATO-ya üzvlüyü, habelə ikitərəfli münasibətlər müzakirə olunub.
Rüfət Sultan
Şərhlər