Xəbər lenti

BMT TŞ-da yarımçıq islahatlar: Qurumun nüfuzunu xilas etmək mümkün olacaq?
Dünya 13:38 14.09.2024

BMT TŞ-da yarımçıq islahatlar: Qurumun nüfuzunu xilas etmək mümkün olacaq?

"Belə təkliflər, bu kimi yarımçıq islahatlarla BMT-nin nüfuzunu bərpa etmək, onu xilas etmək mümkün olmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild tərəfindən açıqlanan Vaşinqtonun BMT Təhlükəsizlik Şurasında islahatlara dair təkliflərini şərh edərkən deyib.

"Hələ zamanında BMT tribunasından istifadə edərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, dünya 5-dən böyükdür. Yəni bu mesajın mənası o idi ki, hazırkı formatda BMT-nin idarəçiliyinin davam etdirilməsi yeni reallıqlara cavab vermir. ABŞ tərəfindən bu istiqamətdə verilən açıqlama və konkret bəndlərin göstərilməsi də BMT-nin artıq yeni dövrün çağırışlarına cavab verməməsinin növbəti təsdiqidir", deyə Taleh Əliyev bildirib.

Lakin həmsöhbətimizə görə, Amerika rəsmisinin sərgilədiyi mövqe heç də ədalətli mövqe deyil. Onun fikrincə, təkliflər yeni reallıqların nəzərə alınmasında gerçəkliyi özündə əks etdirmir:

"Afrika ölkələrinə veto hüququ olmayan iki daimi yerin verilməsi və kiçik ada dövlətlərinə TŞ-də yeni seçkili yerin verilməsini təklif edən Amerika, digər daha əhəmiyyətli güc mərkəzlərinin yeri və rolu barəsində açıq fikir səsləndirmir. Doğrudur, üçüncü bənddə digər dövlətlərlə BMT nizamnaməsinin müzakirə ediləcəyi də vurğulanır. Almaniya və Yaponiya da daimi üzv statusu almağa çalışır. Həmçinin Türkiyə və Hindistan kimi nəhəng ölkə də bir kənara qoyulur. Əvəzində zəif Afrikaya və kiçik ada dövlətlərinə üstünlük verilir".
 


Ekspert düşünür ki, Vaşinqtonun bu təklifləri qəbul olunmayacaq:

"Bütün bunlar onu göstərir ki, təklif edilən ideya cəlbedici olsa da, onun reallaşdırılması, hamılıqla qəbulu inandırıcı deyil. Səbəb də ideyanın yeni reallıqları özündə tam əks etdirməməsidir. Belə təkliflərlə BMT-nin nüfuzunu bərpa etmək, bu kimi yarımçıq islahatlarla qurumu xilas etmək mümkün olmayacaq. Yeni dünya düzəni formalaşmayana qədər BMT-də islahatlar aparılsa  belə, o yeni dünya yaratmayacaq".

Qeyd edək ki, uzun illərdir BMT Təhlükəsizlik Şurasında islahatların aparılması vacibliyi vurğulanır. Bu günlərdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild ölkəsinin BMT Təhlükəsizlik Şurasında islahatlara dair təkliflərini açıqlayıb. Təkliflər üç bənddən ibarətdir.

1. Afrika ölkələri üçün BMT Təhlükəsizlik Şurasında veto hüququ olmayan iki daimi yerin yaradılması; 
2. İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün BMT Təhlükəsizlik Şurasında yeni seçkili yerin yaradılması; 
3. Digər dövlətlərlə birlikdə Təhlükəsizlik Şurasında islahatların aparılması və BMT Nizamnaməsinə dəyişikliklərin edilməsi.

"Biz keçmişin dəyərlərinə, həm də bu günün reallıqlarına uyğun gələn çoxşaxəli gələcəyə aparmalıyıq", deyə Tomas-Qrinfild bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında veto hüququ olan ölkələrin sayında dəyişiklik etməyi təklif etmir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->