Xəbər lenti

Gündə 8000 pors: Britaniya təyyarə gəmisinin ekipajı kenquru əti və tiramisu ilə qidalanır
Dünya 20:41 13.10.2025

Gündə 8000 pors: Britaniya təyyarə gəmisinin ekipajı kenquru əti və tiramisu ilə qidalanır

Böyük Britaniyanın ən yeni aviadaşıyıcısı "HMS Prince of Wales” gəmisində gündəlik olaraq 8 minədək yemək porsu hazırlanır – klassik bifşteklərdən tutmuş ekzotik delikateslərə qədər.

Qaynarinfo "Business Insider”ə istinadən xəbər verir ki, jurnalistlər son dəfə "Prins Uels”in göyərtəsinə qalxdıqda, dənizçilər ən çox döyüş tapşırıqlarından deyil, yeməkdən danışıblar. Bu da səbəbsiz deyil, çünki Hind-Sakit okean regionundakı səkkiz aylıq missiyadan yenicə qayıdan bu nəhəng gəminin mətbəxi artıq çoxdan Kral Donanmasının "ən dadlısı” adını qazanıb.

Gündə 8 min pors: Menyu hər kəs üçün eynidir

Gəmidə 71 aşpaz və 70-dən çox katerinq işçisi 1600 nəfərlik heyət üçün səhər yeməyi, nahar, axşam yeməyi və gecə qəlyanaltısı daxil olmaqla, gündə 8 minədək pors hazırlayır. Menyu bütün rütbələr üçün eynidir – admiral da, matros da eyni yeməyi yeyir.

"Yemək – mənəvi ruhun təməlidir”, deyə gəmidəki mətbəxlərə nəzarət edən baş çavuş Kreyq Cako vurğulayır.

Beşulduzlu restoran səviyyəsində mətbəx

Həftəlik menyuya tematik axşamlar daxildir: şotland, meksika, cümə günləri balıq, şənbə günləri steyk, bazar axşamları isə klassik "Sunday roast”.

Heyətin sevimli yeməkləri arasında karri, qoyun əti, balıq və kartof fri, eləcə də tiramisu var.

Sinqapurda dayanma zamanı naharda qızardılmış qızılbalıq filesi, soğanla kolbasa, bifşteklər, kartof püresi, salatlar və günün şorbası təqdim olunub. Axşam isə italyan mətbəxi üstünlük təşkil edib – lazanya, "parmezan toyuğu”, Roma üslubunda qoyun əti, fokaccia və desertdə tiramisu.

Aviadaşıyıcı hər limanda yerli təchizatçılardan ərzaq alaraq ehtiyatlarını yeniləyir. Sinqapurda mətbəx "Hoisin” souslu ördək filesi, tofulu yeməklər və karides çipsləri hazırlayıb, Avstraliyada isə menyuda hətta kenguru əti də yer alıb.

14 ay öncədən planlaşdırılan təchizat

Logistika üzrə zabit, leytenant Den bildirib ki, ərzaq ehtiyatlarının planlaşdırılması missiyadan təxminən 14 ay əvvəl başlayır:

"Biz Britaniyadan dondurulmuş məhsullarla yola çıxırıq, amma daim yeniləmə aparırıq – ət, süd, tərəvəz. Yeməklər müxtəlif olmalıdır ki, heyət evdəkini hiss etsin”.

"Ev dadı” döyüş ruhunu qaldırır

Məhdud məkanına baxmayaraq, "HMS Prince of Wales” dənizçilərə yüksək komfort təqdim edir: üç idman zalı, sauna, karaoke otağı, kafe və hətta qolf simulyatoru var. Amma əsl lüks – yeməkdədir.

"12 saatlıq növbədən sonra tək istədiyin şey yemək yeyib evdəki kimi rahatlıq hiss etməkdir. Bu – ən vacib şeydir”, deyə zabit Den əlavə edir.

"HMS Prince of Wales” Amerika aviadaşıyıcısı "USS Gerald R. Ford”dan 20 faiz kiçik olsa da, əsas sahədə qalib gəlir – öz dənizçilərini təkcə quru payla deyil, dolğun və dadlı yeməklə təmin etməyi bacarır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->