Azərbaycanın bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələri hərrac yolu ilə satışa çıxarılır. Hərraca çıxarılacaq torpaqların ilkin qiyməti, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı 18 manatdan başlayaraq 6205 manatadək dəyişir.
Hərraca çıxarılacaq torpaqlardan kimlər hansı məqsədlər üçün istifadə edə bilər?
İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən torpaqlar müxtəlif təyinatlar üçün istifadə oluna bilər:
"Həmin torpaqlardan otlaq sahələri kimi istifadə etmək olar. Bundan başqa, ev tikmək və bir də müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bələdiyyələrdən torpaq icarəyə götürülə bilər. Amma ilk növbədə xatırladım ki, bələdiyyə yalnız bir növ torpağı sata bilər. Bələdiyyənin balansında Perspektiv İnkişaf Fondu var. Yəni, bu əhalinin yaşayış mənzillərini tikmək üçün nəzərdə tutulan torpaq sahəsidir. Bələdiyyə həmin torpaq sahələrini yaşayış məntəqəsinin perspektiv inkişafı üçün sata bilər".
Akif Nəsirli bələdiyyənin balansında başqa bir torpaq fondunun da olduğunu xatırladıb:
"Bu bələdiyyəinin özünün maliyyələşməsi və inkişafı üçün nəzərdə tutulur. Həmin ərazi bələdiyyələrə torpaq islahatı zamanı verilib. Bu torpaqları isə bələdiyyə yalnız icarəyə verə bilər. İcarə haqları da yerindən asılı olaraq dəyişməlidir. Məsələn, torpağın bir illik icarəsi İmişli rayonunda 50 manata olduğu halda, Ağdamda 18 manata, Beyləqanda isə 25 manata ola bilər".
Ekspert satışa çıxarılacaq torpaqların ev tikmək məqsədi ilə alındığını qeyd edib:
"İcarəyə ancaq örüş sahələri götürülür. İcarəyə götürülən torpaqların da qiyməti yerindən çox asılıdır. Məsələn, Bakı şəhərində 2-5 sot torpaq götürüb, orada mağaza tikib ticarətlə məşğul olacaqsa, torpağın illik icarə haqqı kifayət qədər yüksək məbləğlə ölçülə bilər".
Bahar Rüstəmli
Şərhlər