Foto 12:57 24.01.2024

Cəlilabadın bir hissəsi işıqsız qalıb, Qaxın Sarıbaş kəndi ilə əlaqə kəsilib (FOTOLAR)

Güclü qar yağması ilə Cəlilabad rayonunda nəqliyyatın hərəkətində və elektrik təchizatında problemlər yaranıb.

"Report"un məlumatına görə, Cəlilabadın dağlıq kəndlərində qarın hündürlüyü 50 sm-ə çatıb. Avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Elektrik xətləri qırıldığından Cəlilabad şəhərinin bəzi hissələrində və bir neçə kəndə elektrik enerjisinin verilişi kəsilib.

Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, kənd yollarında nəqliyyatın hərəkəti çətinləşib. Biləsuvarın mərkəzi hissəsində və bəzi kəndlərdə elektrik enerjisinin verlişi dayanıb. Eyni zamanda, güclü qar və külək rabitə dirəklərini aşırıb və xətləri qırıb. Bir neçə yerdə qarın ağırlığına dözməyən ağac aşıb. Rayon ərazisində qarın hündürlüyü 20 sm-ə çatır.

Hazırda hər iki rayonda müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Həmçinin, elektrik enerjisinin bərpası üçün qəza briqadaları işlər aparırlar.

Güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə əlaqə kəsilib. Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Sakinlərin dediyinə görə, Sarıbaş kəndində yağan qarın qalınlığı 40-50 sm-ə çatır.

Qeyd edək ki, Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndidir.