Siyasət 18:32 09.08.2022

Ceyhun Bayramovun Ankarada verdiyi mesajlar (ŞƏRH)

"Azərbaycan xarici işlər nazirinin Türkiyədə keçirilən böyük diplomatik tədbirə dəvət edilməsi Türkiyə-Azərbaycan dostluğunun növbəti bir  nümunəsidir. Ən önəmlisə isə Türkiyənin bir sıra əhəmiyyətli məsələləri Azərbaycanla növbəti dəfə kordinasiya etməsidir. Eyni yanaşmanı Azərbaycan da göstərir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ankarada keçirilən "2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası" adlı tədbirdə iştirakından danışarkən deyib. 

Deputat hesab edir ki, Azərbaycan və Türkiyə demək olar bütün məsələlər üzrə eyni mövqedən çıxış edirlər və Ankara ilə Bakının qardaşlığı, mütəfiqliyi dünya üçün bir nümunədir:

"Azərbaycan bu dəvəti yüksək qiymətləndirir və xarici işlər nazirinin həmin tədbirdə iştirakı zamanı bir çox aktual məsələrlə bağlı Bakının mövqeyini ortaya qoyması dünyanın diqqətini yenə Azərbaycan-Türkiyə dostluğuna, konkret olaraq Azərbaycanın öz problemlərini həll etməsinə yönəldir. Azərbaycan göstərdi ki, beynəlxalq hüquq normalarına sadiqdir, öz ərazi bütövlüyünü təmin edir və bundan sonra da bu istiqamətdə addımlar atmaqdadır”. 
 


Aydın Mirzəzadə düşünür ki, məqsəd həm də Ermənistana böyük sülh müqaviləsinin bağlanmasına təkliflərin edilməsidir:

"Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidən qeyri-qanuni erməni hərbi dəstələrinin çıxarılması və Ermənistanla normal qonşuluq münasibətlərin qurulması ilə bağlıdır. Bu əslində Ermənistana verilən növbəti bir şansdır. Diqqət çəkən məqam bundan ibarətdir ki, Azərbaycanın bu mövqeyini qardaşımız, dostumuz, yaxın müttəfiqimiz Türkiyə dəstəkləyir. Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət” tezisi, o cümlədən xarici diplomatiyanın əlaqələndirilməsində də özünü yaxından göstərir. Hesab edirəm ki, bu tədbirdə Azərvaycan rəsmisinin iştirakı bir daha dünyaya göstərdi ki, Azərbaycanla-Türkiyə bir yerdədir və bundan sonra da bir yerdə olacaqlar”. 
 
Aydın Mirzəzadə əlavə edib ki, bu məsələdə hər iki ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Ərdoğanın da bütün çıxışlarında bu tezis qırmızı xətlə gedir.

Bahar Rüstəmli