XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb
Sağlamlıq08:45 16.09.2026

Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb

Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” araşdırmaya istinadən məlumat yayıb.

Kirpik uzatma zamanı sintetik liflər xüsusi yapışdırıcılarla təbii kirpiklərə bərkidilir. Mütəxəssislərin fikrincə, bu struktur göz ətrafında ölü dəri hüceyrələrinin, yağın və tökülmüş hüceyrələrin toplanması üçün əlverişli mühit yarada bilər.

Bu vəziyyət “Demodex” adı verilən mikroskopik gənələrin çoxalmasına şərait yarada bilər. Bu canlılar normalda insan dərisində yaşayır və əksər hallarda problem yaratmır. Lakin saylarının həddindən artıq artması və göz ətrafında toplanması müxtəlif narahatlıqlara səbəb ola bilər.

Ukraynadakı Milli Piroqov adına Memorial Tibb Universitetinin göz həkimi Tetiana Zhmud və həmkarları 16-28 yaş arasında olan 345 qadının kirpik uzatma vərdişlərini araşdırıblar.

İştirakçıların təxminən yarısı proseduru 3-4 həftədən bir etdirdiyini bildirib. Bu isə ildə orta hesabla 17 prosedur deməkdir.

Araşdırmada iştirak edən qadınların 48 faizi kirpik uzatdırdıqdan sonra gözlərdə narahatlıq, qızartı və qaşınma kimi şikayətlərin yarandığını bildirib.

Tədqiqatçılar daha sonra göz qapaqlarında göz yaşının buxarlanmasının qarşısını alan yağın ifrazında iştirak edən vəzlərin vəziyyətini xüsusi görüntüləmə üsulu ilə araşdırıblar.

Nəticələrə görə, kirpik uzatma prosedurunu ən azı 10 dəfə etdirən qadınların 85 faizində həmin vəzlərin tutulduğu və ya funksiyasını itirdiyi müşahidə olunub.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri isə müntəzəm olaraq kirpik uzatdıran 25 qadının kirpik nümunələrinin mikroskop altında araşdırılması zamanı əldə edilib.

Nümunələrin 24-də, yəni 96 faizində “Demodex” gənələri aşkarlanıb.

Gənə aşkar edilən qadınların 18-də qaşınma, qıcıqlanma, qızartı, şişkinlik, dərinin qabıqlanması və kirpiklərin bir-birinə yapışması kimi əlamətlər qeydə alınıb.

Mütəxəssislər vurğulayırlar ki, “Demodex” gənələrinin aşkarlanması öz-özlüyündə xəstəlik demək deyil. Lakin onların həddindən artıq çoxalması və göz ətrafında toplanması iltihab, göz qapağı problemləri və bəzi göz infeksiyaları ilə əlaqəli ola bilər.

Araşdırmanın diqqət çəkən məqamlarından biri də kirpik uzatmaların mövcud gənələri aşkar etməyi çətinləşdirə bilməsidir. Gənələr adətən kirpiklərin dibində qalan ölü gənələr, onların ifrazatları və yumurtalarının dəri və yağla qarışmasından yaranan xarakterik qalıqlar vasitəsilə müəyyən edilir.

Lakin kirpik uzatma zamanı istifadə olunan yapışdırıcının təbii kirpiklərin dibinə tətbiq edilməsi həmin nahiyənin müayinəsini və gənələrin aşkarlanmasını çətinləşdirə bilər.

Araşdırmanın rəhbəri Tetiana Zhmud əldə olunan nəticələrin kirpik uzatdıran şəxslərin göz ətrafı gigiyenasına daha çox diqqət yetirməsinin vacibliyini göstərdiyini bildirib.

Mütəxəssislər kirpik uzatdıran şəxslərdə qaşınma, qızartı, şişkinlik, qabıqlanma, qıcıqlanma və ya görmənin bulanıqlaşması kimi əlamətlər yaranarsa, bunun diqqətdən kənarda saxlanılmamasını və göz həkiminə müraciət edilməsini tövsiyə edirlər.

Həmçinin göz qapaqlarının gündə iki dəfə göz ətrafı üçün uyğun yumşaq təmizləyici vasitə və kirpik fırçası ilə ehtiyatla təmizlənməsi məsləhət görülür.

Günay