Dövlət İmtahan Mərkəzi (DİM) açıqlama yayıb.
Mərkəzdən "Report"a daxil olan açıqlamada
bildirilib ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə
qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə
əldə etməsinə cəhd hallarına da rast gəlinir:
"Ötən illərin statistikasına nəzər salsaq imtahanlarda
aşağıdakı qayda pozuntularının daha çox təkrar olunduğunu müşahidə edə bilərik:
imtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən
istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və
imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi.
Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda
baş vermiş qayda pozuntuları haqqında da məlumat verilir və imtahanlardan xaric
olunmuş abituriyentlərin sayı göstərilir, onların nəticələrinin ləğv olunması
elan edilir.
Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə
adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda
iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd
etməsidir. Bu tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Belə ki, Nazirlər
Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”nın 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər
müəyyən edilib. Bu hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim
etmək, imtahana öz yerinə başqasını göndərməkdir.
Bütün bunlara qarşı Dövlət İmtahan Mərkəzi digər əlaqədar
qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirir.
Hələ ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar
nəticəsində ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahan zamanı
bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək
qarşısı alınıb. O zaman müəyyən olunan faktlar üzrə Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin
istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1
(saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd),
Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29,
320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə
həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə
dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Prosesin davamı olaraq 15 noyabrda Gəncə şəhəri Kəpəz Rayon
Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin
320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə
baxılıb və müvafiq qərar qəbul edilib.
Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində
nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi
sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində
elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində
həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız
və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə
də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən
üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq
hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən
məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin
saxtalaşdırılması kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
320.1-ci maddəsi ilə tövsif edilməlidir.
Xatırladaq ki, burada üç min manatdan altı min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Belə əməllər eyni zamanda inkişaf edən müasir cəmiyyət üçün
faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən
təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə
altına alır. Halbuki, təşkil edilən imtahanların məqsədi abituriyentlərin bilik
səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq
sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrində yerləşdirilməsidir.
Bu kimi halların baş verməsi Dövlət İmtahan Mərkəzinin də
işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi,
ədalətli seçimin həyata keçirilməsi və digər bu qəbildən olan üzərinə düşən öhdəliklərin
yerinə yetirilməsi üçün əlavə maddi vəsait və insan resurslarını sərf etməli
olur. Təsadüfi deyil ki, DİM 2018-ci ildən etibarən imtahan binalarına giriş
zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face
Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən
istifadə edir. Bu texnologiya imtahana giriş zamanı iştirakçının kamera vasitəsilə
götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə
aid olub-olmadığı barədə məlumat verir. İmtahanların təşkili zamanı bütün qeyd
edilənlər və ictimaiyyət üçün məlum olmayan bir sıra tədbirlər əlavə canlı qüvvənin
və maddi vəsaitlin xərclənməsini zəruri edir və təbii ki, DİM-in resurslarının
daha səmərəli istifadə olunmasına mane olur.
Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali və
orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla
bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud
qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ən
ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək".
Şərhlər