Xəbər lenti

İdman 17:17 19.11.2022

Dünya çempionatları tarixinin ən qalmaqallı matçları

Futbol üzrə ən böyük turnir hesab olunan dünya çempionatları tarixində yaşıl meydançaların döyüş səhnəsinə çevrildiyi bəzi matçlar hələ də yaddaşlarda öz yerini tutur. 

1930-cu ildən bu yana hədəfləri və ulduzları ilə yadda qalan 21 dünya çempionatı həm meydançada, həm də meydandankənar hadisələri ilə yadda qalıb. Uruqvayda baş tutan ilk turnirdə Rumıniya ilə Peru arasında keçirilən gərgin qarşılaşmada futbolçular arasında baş verən qalmaqala polisin müdaxilə etməsi ilə başlayan hadisələrdən sonra İsveçrə, Çili və Almaniyada keçirilən mundiallarda yaşanan gərginliklər, Bern, Santyaqo və Nürnberq döyüşləri olaraq tarixə keçib.
 
Qaynarinfo həmin hadisələrin necə baş verdiyini nəzərinizə çatdırır: 

Braziliya - Macarıstan (1954)
 


1954-cü il Dünya Kubokunda idarəçilik edən britaniyalı hakim Artur Ellis demişdi ki, "İndiyə qədər idarə etdiyim ən yaxşı oyun olacağını düşünürdüm, amma biabırçılıq yaşandı". Onun bəhs etdiyi 1/4 final matçında Macarıstan və Braziliya milliləri üz-üzə gəlirdi. Macarıstanın istedadlı futbolçulardan ibarət komandası ilə "sambaçılar” arasında keçirilən oyunun futbol nümunəsi olacağı gözlənilirdi. Ancaq İsveçrədəki qarşılaşma "Bern döyüşü” kimi tarixə düşüb. Belə ki, macarıstanlı Jozsef Bozsik braziliyalı Nilton Santosun ona qarşı sərt müdaxiləsinə yumruqları ilə cavab verir. Hər iki futbolçu oyundan qovulandan sonra braziliyalı Hamberto Tozzi macar Gyula Loranta kobud müdaxilə etdiyi üçün meydanı tərk etməli olur. Üç futbolçunun meydandan qovulduğu görüşdə 42 cərimə zərbəsi və 2 penalti təyin edilib. Macarıstanın 4-2 hesabı ilə qalib gəldiyi matçdan sonra xoşagəlməz hadisələr paltardəyişmə otaqlarına gedən tuneldə də davam edir. Bəzi oyunçular sınmış şüşələrlə bir-birinə hücum edirlər. Hətta zədə səbəbindən matçda iştirak etməyən macar futbolunun əfsanəvi forvardı Ferents Puşkaşın braziliyalı Pinheironu butulka ilə vurduğu iddia edilir. İnsident zamanı Macarıstan yığmasının baş məşqçisi Qusztav Sebesin başına "şüşə döyüşü”ndən sonra 4 tikiş qoyulmuşdu.

Çili - İtaliya (1962)
 


1962-ci ildə təşkil olunan dünya çempionatında ev sahibi Çili ilə İtaliya arasında keçirilən qarşılaşma "Santyaqo döyüşü” kimi tarixdə öz yerini tutub. Çili - İtaliya matçını idarə edən ingilis hakim Ken Aston ikinci dünya müharibəsi veteranı idi. O, qarşılaşmadan sonra verdiyi açıqlamada "Özümü yenidən döyüş meydanına qayıtmış kimi hiss etdim. Sanki futbol matçını idarə etmirdim, hərbi təlimi izləyirdim" deyib.
 
İtaliyalı jurnalistlərin 1960-cı ildə Çilidə baş vermiş zəlzələ ilə bağlı bəzi xəbərləri səbəbindən oyundan əvvəl gərginlik yaranır. İlk saniyələrdə fol baş verəndən sonra italiya millisinin üzvü Giorgio Ferrininin 8-ci dəqiqədə oyundan qovulması haqda qərar çıxarılır. Ancaq futbolçu yalnız polisin də müdaxiləsi ilə 4 dəqiqə sonra meydandan zorla kənarlaşdırılır. Bundan başqa Çili millisinin üzvü Lionel Sançes rəqibi Mario Davidə yumruqla vursa da, cəzalandırılmır. Bir müddət sonra qarşılıq vermək üçün Sançesin başına təpiklə vuran David isə oyundan qovulan ikinci italyan olur. Sançes başqa bir epizodda italyalı rəqibi Humberto Masçionun burnunu sındırmasına baxmayaraq, yenə cəzalandırılmır. Nəticədə meydanda dava düşür. Polisin bir neçə dəfə futbolçuların davasına müdaxilə etdiyi görüşdə Çili 2:0 hesabı ilə qalib gəlir. Sonradan İtaliya mətbuatının kəskin tənqidlərinə tuş gələn baş hakim sarı və qırmızı vərəqə tətbiqinin ideya müəllifi olur.

Braziliya - Portuqaliya (1966)
 


Portuqaliyalı əfsanə Eysebio və "futbol kralı” Pelenin üz-üzə gəldiyi 1966-cı ilin dünya çempionatının qrup mərhələsində Braziliya - Portuqaliya matçı Peleyə zərbələrlə tarixə düşdü. Portuqaliyanın 3:1 hesablı qələbə qazandığı görüşdə Peleyə o qədər təpik vururlar ki, hətta Eysebio da komanda yoldaşlarını danlamalı olur. Oyundan sonra Pele bir daha dünya çempioantlarına qatılmayacağını desə də, sonradan fikrini dəyişir və 1970-ci ildə baş tutan mundialda meydana çıxır. 

İngiltərə-Argentina (1966)
 


Argentina ilə İngiltərə arasındakı intriqanın başlanması 1986-cı ildə Maradonanın "Tanrının əli” adlandırdığı qolu vurduğu matça bağlanılır. Ancaq iki milli arasındakı rəqabətin təməli məhz 1966-cı ildə baş tutan 1/4 final görüşündə qoyulub. Qarşılaşmada Argentina millisinin kapitanı Antonio Rattin dediyi sözlərə görə oyundan kənarlaşdırılsa da, meydandan çıxmaqdan imtina edir. Rattinin haqsız yerə oyundan kənarlaşdırıldığını düşünən komanda yoldaşları tez-tez ingilis futbolçuları təpikləməyə başlayırlar. Yekunda 1:0 hesabı ilə qalib gələn İngiltərə yığmasının baş məşqçisi Alf Ramsi argentinalıları "heyvan" adlandırır. O, matçdan sonra komandasının üzvlərindən ingilis futbolçularla forma dəyişməməyi xahiş edir.

Fransa-Qərbi Almaniya (1982)
 



1982-ci il keçirilən əsas vaxtı 1-1, əlavə vaxtı isə 3-3 hesabı ilə bitən yarımfinal matçında Qərbi Almaniya Fransanı penaltilər seriyasında 5-4 məğlub edir. Bu qarşılaşma daha çox Qərbi Almaniya millisinin qapıçısı Toni Harald Şumaxerin fransalı Patrik Battistona qarşı etdiyi hərəkətlə xatırlanır. Almanlar sərt oyuna üstünlük versə də cəmi 3 sarı vərəqə göstərilir. Alman qapıçı Şumaxer isə matçın ən sərt foluna imza atır. Fransalı futbolçu ona tərəf qaçan Şumaxerin sərt zərbəsindən sonra huşunu itirərək yerə yıxılır. Hadisə zamanı Battistonun 2 dişi qırılır və fəqərələri zədələnir. Fransa millisinin kapitanı Mişel Platini oyundan sonra hadisə ilə bağlı açıqlamasında "Battistonun öldüyünü düşündüm” - sözlərini söyləyib. Maraqlıdır ki, hakim epizodu fol kimi dəyərləndirmir və oyuna qapıdan zərbə ilə başlamaq qərarını verir. 

Şotlandiya - Uruqvay (1986)
 


Uruqvaylı Serxio Batista qrup mərhələsində Şotlandiya ilə matçın 56-cı saniyəsində rəqibinə arxadan sərt müdaxilə etdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Bu, dünya çempionatlarının ən erkən qırmızı vərəqəsi kimi tarixə düşdü. Matç bundan sonra da oxşar follarla davam etdi və Uruqvay milisinin sərt futbola üstünlük verməsi təəssüratını yaratdı. 1966-cı ildə Alf Ramsinin argentinalılara qarşı işlətdiyi "heyvanlar” ifadəsi, bu dəfə Şotlandiya Futbol Assosiasiyasının üzvü Ernie Uolker tərəfindən uruqvaylılara deyildi. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Argentina-Kamerun (1990)
 


Dünya çempionatlarındakı açılış matçlarının ən sərti 1990-cı ildə Argentina ilə Kamerun arasında baş tutub. Həmin vaxt dünya çempionatının son qalibi kimi yarışa qatılan Argentina kamerunlular tərəfindən hərtərəfli şəkildə darmadağın edilib. Əvvəlcə Klaudio Kaniggianı çox sərt zərbə ilə yerə sərən Andre Kanaya qırmızı vərəqə göstərilir. O cümlədən Benjamin Massinq də son dəqiqələrdə Kaniggiaya qarşı kobudluğa görə meydandan qovulur. Hücumlar zamanı Kaniggianı saxlamaq istəyən hər iki kamerunlunun cəhdləri uğursuz alınsa da bir çox mövqelərdə təpiklə vurulan argentinalı futbolçular Fransua Omamın yeganə qolu ilə 1-0 hesablı məğlubiyyətə uğrayıb. 

Niderland - Qərbi Almaniya (1990)
 


Qərbi Almaniya ilə Niderland arasında uzun sürən rəqabət 1990-cı il Dünya Çempionatının 1/8 final mərhələsinin oyununda da öz əksini tapmışdı. Niderlandlı Frank Raykard 22-ci dəqiqədə Rudi Vollerə qarşı kobudluq etdiyi üçün sarı vərəqə ilə cəzalandırılır. Nəticədə iki futbolçu arasında mübahisə yaranır və Vollerə də sarı vərəqə göstərilir. Niderland millisinin qapıçısı Hans van Breukelen cərimə zərbəsi yerinə yetirildikdən sonra cərimə meydançasında yerdə qalan Volleri bilərəkdən yıxılmaqda ittiham edir. Mübahisə zamanı Raykard Vollerin qulağını çəkir və ayağını tapdalayır. Hakim hər iki futbolçunu oyundan kənarlaşdırır. Ancaq onların mübahisəsi meydandan kənarda da davam edir. Raykard oyundan çıxarkən Vollerin saçına tüpürür. Daha üç sarı vərəqədən sonra iki komanda arasında rəqabət, gərginlik yaranır və sonrakı illərdə də davam edir. Sözügedən qarşılaşmada Qərbi Almaniya millisi 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlir.

Niderland - Portuqaliya (2006)
 


2006-cı ildə baş tutan Niderland - Portuqaliya görüşü dünya çempionatları tarixində ən çox qırmızı vərəqə göstərilən matç kimi qeydə alınıb. Portuqaliyadan Deko və Kostinya Niderlanddan isə Xalid Bulahruzla Covanni van Bronkhorstun meydandan qovulduğu matçda 12 sarı vərəqə də göstərilib. Rusiyalı referi Valentin İvanov verdiyi qərarlara görə çox tənqidlərlə üz-üzə qalıb. Almaniyada keçirilən bu görüş "Nürnberq döyüşü” adlandırılıb.

İtaliya - Fransa (2006)
 


Bu matç daha çox Fransa millisinin futbolçusu Zinəddin Zidan və İtaliyadan Marko Materatsinin davası ilə xatırlanır. 2006-cı ildə Fransa və İtaliya arasında keçirilən final matçının 7-ci dəqiqəsində Zidan fərqlənərək komandasını hesabda irəli keçirir. İtaliya buna 19-cu dəqiqədə Marko Materatsinin qolu ilə cavab verib və matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşır. Ancaq 110-cu dəqiqədə o məşhur qalmaqal yaşanır. Belə ki, Zidan Materatsini baş zərbəsi ilə yerə yıxır və hakim tərəfindən qırmızı vərəqə ilə meydandan qovulur. Bu vərəqə uzun müddət idman dünyasının gündəmində öz yerini tutdu. Beləliklə fransalı ulduz millidə karyerasının son matçını qırmızı vərəqə ilə başa vurur. 

Niderland - İspaniya (2010)
 


2010-cu ildə Hollandiya və İspaniyanın qarşılaşdığı dünya çempionatının finalında ingilis hakim Hovard Uebb 14 dəfə əlini cibinə atmalı olub. İspaniyanın "tiki-taka” üslubundakı oyununun qarşısını almaq üçün tez-tez sərtliyə yol verən Niderland futbolçuları biri qırmızı olmaqla, 8 dəfə vərqə ilə üz-üzə qalır. Bu sərtlik qarşısında geri addım atmayan ispanların isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırılır. Beləliklə bu, dünya çempionatlarında ən çox vərəqənin göstərildiyi final matçı kimi tarixə düşür. Həmin görüşdə əlavə olunmuş dəqiqələrdə rəqibinin qapısına yol tapmağa nail olan ispanlar 1:0 hesablı qələbə ilə dünya çempionluğunu qazanır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->