Xəbər lenti

Ekologiyanı və insanı zəhərləyən polietilen torbalar: Qadağalara əməl olunmur?
Sağlamlıq 19:52 15.01.2025

Ekologiyanı və insanı zəhərləyən polietilen torbalar: Qadağalara əməl olunmur?

"Kağız torbalar insan həyatı üçün tam təhlükəsizdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib. 

Ekoloq bu sistemə keçməməyin səbəblərinin olduğunu diqqətə çatdırıb:

"İnsan sağlığına zərər verən əşyaların əsas bazarı dünyanı idarə edən güclərdədir. Məsələn, ABŞ-da. 1970-1980-ci illərdə bazara gedəndə bizə aldığımız əşyanı kağız torbalarda verərdilər. "Təzə bazar” Bakının ən bahalı bazarı idi. Ora gedəndə əsas torba kimi kağız torbalar verilirdi. Hətta dükanlarda toxunma, həsir torbalar satılardı. Bu gün Gəncədə həmin ənənə qalmaqdadır. "Gəncə səbəti” deyilən bir səbət bu gün də Bakıya çatdırılır. Onların hamısı orqanik idi. Amma 1980-ci ildə "Silikon vadisi”nin kəşfi ilə polietilen torbalar meydana çıxdı. Yadımdadır ki, mən o zaman tələbə idim. İnsanlar rus rubulu ilə 2 manata həmin torbaları alıb, evlərində saxlayardılar. Sonra torba bu gün gəlib 3-5 qəpiyə çıxdı, hər yerə yayıldı. O qədər dəyərsiz oldu, o qədər yayıldı ki, insanlara zərər verməyə başladı”. 
 

Ekoloq həmin torbalarda qidaların saxlanılmasının doğru olmadığını diqqətə çatdırıb:

"Nə yazıq ki, biz qidalarımızı onlarda alırıq. Toxunma torbaları əlimizə alıb bazara getmək əvəzinə polietilen torbalara üstünlük verdik. İnsanlar bu torbaları alandan sonra yenə onu zibil qablarına atırlar. Ən sonda bu torbalar dənizə atılır. Yaxud da dəniz kənarında istirahət edənlər yeməkdən sonra bu torbaları əraziyə atırlar. Belə-belə bu torbalar həyatımıza oturdu”. 

Qorxmaz İbrahimli deyir ki, polietilen torbalar artıq Avropada yoxdur:

"Bu torbaları ortadan qaldırıblar. Türkiyənin özündə belə bu torbaları nadir hallarda görərsiniz. O da ciddi şəkildə tənqid olunar. Hamı artıq kağız torbalara üstünlük verir. Bizdə də polietilen torbalar pullu oldu, amma alternativ torbalar təklif olunmadı. Alternativ nədir? Kağız, parça və kətan, həsir torbalar. Hətta qamışdan hazırlanmış başqa torbalar da var. Bunun üçün hökumət qiymət qaldırmaq əvəzinə ilk növbədə alt yapı, yəni onu istehsal edən emalatxanalara vergi güzəştləri verilməli idi. Onlar ucuz qiymətə marketlərə məhsul çıxarsınlar. Vətəndaşın sağlamlığını düşünürsənsə, ilk növbədə kağız torbaların istehsalını təşviq eləmək lazımdır. Polietilen torbalar cürümür”. 

Qorxmaz İbrahimli bildirib ki, polietilen torbaların topdansatış qiyməti ucuzdur:

"Amma həmin torbaları kassaların qarşısına qoyub,  vətəndaşlara 5-20 qəpiyə satırlar. Vətəndaş bu torbaya iki dəfə pul verir. Mən bundan əminəm. Bu baxımdan, polietilen torbaların ortadan qaldırılması üçün çox bəsit üsullar var. Amma başda da dediyim kimi, inhisarçılıq buna imkan vermir. Polietilen torbalardan nə qədər gəlir əldə edirlərsə, eləcə də satışından inhisarçılar böyük pullar qazanırlar. Üzümü Milli Məclisə və hökumətə tuturam, vətəndaşların ömrünü uzadacaq üsulları tətbiq etməyə üstünlük verin”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->