Foto 10:27 13.07.2023

Elmi işi oğurlanan alim narazıdır: Kim məsuliyyət daşıyır - Nazirlik, yoxsa AAK?

Azərbaycanda antiplagiat sistemlərinin tətbiqindən istifadə edilsə də, elmi işlərdə oğurluq tam aradan qaldırılmayıb. Dəfələrlə plagiata görə sərt tənbeh tədbirləri görülüb. Lakin problemi həll etmək mümkün olmayıb. 

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev Qaynarinfo-ya bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) BMDM-nin magistri Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən müdafiə edilmiş "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda dissertasiya işi tam plagiatdır.

"Bu elmi iş mənə məxsusdur. 30 may 2013-cü ildə "Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işi yerinə yerinə yetirərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. Hazırda isə fəaliyyətimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun "Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” şöbəsinin aparıcı elmi işçisi kimi davam etdirirəm. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) BMDM-nin magistri Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən müdafiə edilmiş "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyası mənim elmi işimlə eynilik təşkil edir. Belə ki, magistr cüzi dəyişiklik etməklə, mənim dissertasiya işimi olduğu kimi köçürüb, mündəricata bəzi formal əlavələr etməklə, onu da olduğu kimi saxlayıb, dissertasiya işində mənim heç bir elmi işimə istinad etmədən, dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahısında mənim yazdıqlarımı və elmi əsərlərimə istinad vermədən əməyimin bəhrəsini əvvəldən axıra kimi köçürərək mənimsəyib”.

Səyyad Ağayev elmi dərəcə almaq, elmi fəaliyyətimdə hazırkı səviyyəyə çatmaq üçün illərlə zəhmət çəkdiyini bildirib:

"Gecə-gündüz elmlə məşğul olmuşam, həyatımı elmə həsr etmişəm, cəmiyyətimizə, dövlətimizə layiqli vətəndaşların yetişdirilməsində əlimdən gələni etmək üçün daima var gücümlə çalışmışam. Bu illər ərzində elmi fəaliyyətimdə məqsədimə, arzuma çatmağım naminə maddi çətinliklərə, bir sıra məhrumiyyətlərə dözmüşəm. Lakin Elməddin Əhədzadə heç bir əziyyət çəkmədən mənim illərlə çəkdiyim zəhmətin bəhrəsinə yiyələnib, mənim dissertasiyamı oğurlayaraq magistr dərəcəsi alıb. Qeyd olunanlara əsasən magistr dissertasiyasının ləğv edilməsi ilə bağlı dəfələrlə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ədalət Muradova yazılı müraciətlər etsəm də, müsbət cavab əldə edə bilmədim. Qeyd edim ki, UNEC-də oxşar hissələrin aşkarlanması "Plagiat PL” şirkəti ilə bağlanmış müqaviləyə əsasən strikeplagiarism.com platforması üzərindən aparılır. Həmin plagiat proqramı xaricdən xeyli maliyyə vəsaiti ödənilməklə alınıb. Əgər bu proqram plagiatı müəyyən edə bilmirsə, onda büdcədən bu qədər maliyyə vəsaitinin xərclənməsi nəyə lazımdır?”.

Səyyad Ağayev məsələ ilə bağlı dəfələrlə elm və təhsil naziri Emin Əmrullayevə teleqramlar vurduğunu xatırladıb:

"Müraciətlərim cavabsız qaldı. Xeyli əsəb və vaxt itirdiyim üçün Elməddin Əhədzadənin magistr dissertasiyasında elmi plagiat halının sübuta yetirilməsi və buna görə müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etdim. Sumqayıt şəhər Məhkəməsi 17.01.2023-cü il tarixli qətnaməsində qaldırdığım iddianı qismən təmin etdi. Müəllif hüquqlarının pozulmasına görə 3000 manat məbləğində kompensasiya və 1000 manat məbləğində mənəvi ziyanın əvəzi cavabdeh Əhədzadə Elməddin Məhəmməd oğlundan iddiaçı Ağayev Səyyad İsaq oğlunun xeyrinə tutulması barədə məhkəmə qərar çıxarıb. Məhkəmə qərarında o da vurğulanır ki, iddia qalan hissədə təmin edilməsin. Bununla razı deyiləm. İddia tələbiminin tam yerinə yetirilmədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişəm. 01.05.2023-cü il tarixində  Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qərara alıb ki, iddiaçı Ağayev Səyyad İsaq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-50/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş "magistr dissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilsin. Ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilsin. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası ləğv edilsin”.

Şikayətçi deyir ki, cavabdehin magistr dərəcəsi ləğv edilmədiyindən, onun həmin dərəcəni alması üçün təkrar magistr dissertasiyası müdafiə etməsinə lüzum olmadığından Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti ilə müraciət edib:

"Məhkəmənin "magistr" ali elmi-ixtisas dərəcəsi verilməsinə əsas olmuş magistr dissertasiyasını ləğv etməsi Elməddin Əhədzadənin magistr dərəcəsinin ləğv edilməsinə səbəb olmayıb. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin magistr dərəcəsinin ləğv edilməsi hissəsində iddia tələbini rədd etməsi əsassız olub. Bundan başqa, məhkəmənin cavabdehin dissertasiya işinin ləğvinin sonuncunun yenidən dissertasiya müdafiəsi hüququnu istisna etməməsi və magistr dərəcəsinin ləğv edilməsi hissəsində iddia tələbini rədd etməsi barədə mövqeləri ziddiyyət təşkil edir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, magistratura səviyyəsində təhsil alan şəxs təhsilin yekun mərhələsi kimi magistr dissertasiyasını müdafiə etmirsə ona "magistr" ali elmi-ixtisas dərəcəsinin verilməsi mümkün deyildir”.

Sayyad Agayev baş verənlərin əhatəsində ciddi korrupsiya faktının olduğunu qeyd edib:

"Polşanın "Plagiat PL” şirkətindən plagiat proqramı üçün 60 min ödəniş ediblər. Bu faktı mənə məsul şəxslərdən biri deyib”.

Səyyad Ağayev məsələ ilə bağlı Prezident yanında Ali Attestasiya Komissiyasının sədri, professor cənab Famil Mustafayevə müraciət etdiyini də vurğulayıb. Şikayət məktubunda o, ADİU tərəfindən Elməddin Əhədzadəyə verilmiş saxta magistr dərəcəsinin, UNEC-in rəsmi internet səhifəsində yerləşdirilmiş plagiat magistr dissertasiya işinin ləvğ edilməsini xahiş edib.

Ali Attestasiya Komissiyası isə onun məktubunu araşdırmaq üçün Elm Təhsil  və Nazirliyinə ünvanlayıb, həmçinin müraciətin nəticəsi barədə müəllifə məlumat verilməsi xahiş olunub. Amma bütün bunlara baxmayaraq, Elm və Təhsil Nazirliyindən onun şikayətinə cavab verilməyib.

Elm və Təhsil Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib, sözügedən məsələ onların səlahiyyəti xaricindədir:

"Bu işə Ali Atettasiya Komissiyası baxır. Bizim onların işinə qarışmaq kimi səlahiyyətimiz yoxdur”.

Məsələ ilə bağlı Ali Atettasiya Komissiyasına müraciət etdik. Lakin oradan sözügedən məsələnin Elm və Təhsil Nazirliyi səlahiyyətində olduğunu qeyd etdilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Atettasiya Komissiyası yalnız fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili və plagiat halları olarsa, onda həmin dissertasiyaların müdafiə olunduğu dissertasiya şuralarına qaytarılıaraq ləğv edilməsinə qərar verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən magistratura səviyyəsini bitirən şəxslərə "magistr” ali elmi-ixtisas dərəcəsi verilir. Təhsil nazirinin 202 №-li 20.04.1998-ci il tarixli əmri ilə təsdiq edilmiş "Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”yə əsasən "Magistr” dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali məktəb tərəfindən mövcud qaydalara uyğun yaradılmış müvafiq ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. 

"Magistr” dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yaradılmış dissertasiaya şuraları tərəfindən həyata keşirilir, müəllifinə və ədəbiyyatına istinad olunmadan özgə materiallardan istifadə edildikdə, dissertasiya müdafiə ilə bağlı istənilən baxılma mərhələsində geri qaytarılır. Bu da yalnız Azərbaycan Dövlət İqtisad Universitetinin və AR ETN-nin səlahiyyətinə olan məsələ olduğu üçün birbaşa məsuliyyət daşıyırlar.

Bahar Rüstəmli