XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bir şeir, iki müəllif iddiası: "Mənə bir az ondan danış"ın sirri necə açılmalıdır?
Sənət18:03 21.09.2026

Bir şeir, iki müəllif iddiası: "Mənə bir az ondan danış"ın sirri necə açılmalıdır?

Bəzən bir şeirin müəllifini müəyyənləşdirmək onun özünü yazmaqdan daha çətin olur. “Mənə bir az ondan danış” şeiri ətrafında yaranan son mübahisə də bunu göstərir.

Uzun illərdir mərhum şair Nüsrət Kəsəmənlinin adı ilə yayılan şeirin müəllifliyi indi mübahisə predmetinə çevrilib. Bir tərəfdə illər ərzində formalaşmış müəlliflik təsəvvürü, digər tərəfdə isə əsərin Vüqar Rahiyə məxsus olması ilə bağlı iddia və bu iddianı təsdiqlədiyi bildirilən sənədlər var.

Mərhum Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli mətbuata açıqlamasında “Mənə bir az ondan danış” şeirinin atasına aid olmadığını bildirib. O, əsərin Vüqar Rahinin yaradıcılığına məxsus olduğunu xatırladıb.

Bəs həqiqət haradadır? Bu şeir əslində kimindir? Daha vacibi isə belə mübahisələr hansı meyarlarla həll edilməlidir?

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında müəlliflik məsələsinin internetdə formalaşmış ümumi təsəvvürlə deyil, ilkin mənbələr və hüquqi sənədlər əsasında araşdırılmalı olduğunu bildirib:

“Azərbaycanın tanınmış şairləri Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Ramiz Rövşən, Qulu Ağsəs və digərlərinin şeirləri barədə də zaman-zaman belə mübahisələr olub. Bəzən bu şairlərin əsərləri başqa müəlliflərin adına çıxılıb. Hətta Qasım Qasımzadənin “Səndən ayrılalı, dağlar, cavandım” misrası ilə başlayan məşhur şeiri də başqa bir şəxsin adına çıxılıb və həmin şeirin sözlərinə mahnı bəstələnib. Ona görə də belə mübahisələrin dəqiq həllini hüquqi platformalarda və ilkin mənbələrdə axtarmaq lazımdır”.

Rəsul Mirhəşimli vurğulayıb ki, müəlliflik məsələsi internetdə hansı müəllif adının daha çox hallanması ilə müəyyən edilə bilməz:

“İlk növbədə əsərin hansı tarixdə, harada və kimin adı ilə nəşr olunduğu müəyyənləşdirilməlidir”.

Ekspert hesab edir ki, müəllif hüquqları üzrə qeydiyyat sənədləri, məhkəmə qərarları, əsərin ilkin əlyazması və ya ilk çap variantı araşdırılmadan aparılan müzakirələr uzunmüddətli mübahisələrə yol aça bilər:

“Çünki bir əsərin uzun müddət müəyyən müəllifin adı ilə yayılması həmin şəxsin hüquqi baxımdan mütləq müəllif olduğunu avtomatik sübut etmir. “Mənə bir az ondan danış” nümunəsində Vüqar Rahinin müəlliflik iddiasını təsdiqləyən mühüm faktlardan biri əsərin onun adına müəllif hüquqları üzrə qeydiyyata alınması barədə 2013-cü ildə yayılan məlumatdır. Bu faktı nəzərə almamaq olmaz. Eyni zamanda, məsələnin tam və qəti şəkildə həll edilməsi üçün qeydiyyat sənədinin özü və həmin dövrdə başlanmış məhkəmə prosesinin yekun nəticəsi də ortaya qoyulmalıdır. Yalnız bir xəbər materialına əsaslanaraq məhkəmənin müəllifliyi qəti müəyyən etdiyini söyləmək də düzgün olmaz”.

Rəsul Mirhəşimli Nüsrət Kəsəmənlinin adının illər ərzində bu şeirlə birlikdə geniş yayılmasının ayrıca araşdırılmalı məsələ olduğunu düşünür:

“İnternetdə eyni mətnin bir platformadan digərinə eyni müəllif adı ilə köçürülməsi müəyyən müddətdən sonra həmin məlumatı geniş yayılmış, lakin ilkin mənbəyi bilinməyən informasiyaya çevirə bilər. Buna görə də müəlliflik məsələsində internetdə ən çox təkrarlanan məlumat əsas götürülməməlidir.

Əsərin ilk çapı, arxiv materialları, müəllif hüquqları üzrə qeydiyyat sənədləri və məhkəmə sənədləri müqayisə edilməlidir. Bu cür mübahisələrin həlli üçün ən etibarlı yanaşma mənbələrin xronoloji ardıcıllıqla araşdırılmasıdır. Birinci növbədə əsərin ən erkən məlum nəşri müəyyənləşdirilməlidir. Sonra həmin nəşrdə müəllifin kim göstərildiyinə baxılmalıdır. Ardınca müəllif hüquqları üzrə qeydiyyat sənədləri, əlyazmalar, arxiv materialları və məhkəmə sənədləri araşdırılmalıdır. Yalnız bundan sonra müəlliflik barədə əsaslandırılmış nəticə çıxarmaq mümkündür”.

Rəsul Mirhəşimlinin fikrincə, hazırda açıq məlumatlar əsasında Vüqar Rahinin müəlliflik iddiası ilə bağlı daha konkret sənədləşdirilmiş məlumatların mövcudluğu görünür:

“Lakin ilkin qeydiyyat sənədi və məhkəmə işinin yekun qərarı ictimaiyyətə təqdim edilmədən məsələnin bütün hüquqi tərəflərinin tam şəkildə bağlandığını söyləmək ehtiyatlı yanaşma olmaz. Əsas məsələ kimin adının daha çox hallanması deyil, əsərin müəllifliyini hansı ilkin sənədlərin təsdiqləməsidir. Belə mübahisələrdə emosional yanaşmadan uzaq durmaq, hər iki tərəfin iddialarını və onları təsdiqləyən sənədləri ayrı-ayrılıqda təqdim etmək lazımdır”.

Bahar Rüstəmli