Dünya 23:00 14.09.2023

Ərdoğanın Yunasıtan və İsrail baş nazirləri ilə görüşü münasibətlərə necə təsir edəcək?

"Ərdoğanın BMT Baş Assambleyası çərçivəsində Yunanıstan və İsrail baş nazirləri ilə görüşləri öz məqamına görə mühüm əhəmiyyətli sayıla bilər"
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyası çərçivəsində İsrail və Yunanıstan baş nazirləri Benyamin Netanyahu və Kiriakos Mitsotakislə baş tutacaq görüşləri şərh edərkən deyib.

Qabil Hüseynli bildirib ki, Ərdoğan və Netanyahu görüşündən sonra iki ölkə arasında əlaqələrdə bəzi irəliləyişlər əldə ediləcək. Mitsotakislə görüş isə bir qədər çətin keçəcək, lakin daha uzaq zamanda bu istiqamətdə də irəliləyişlər əldə oluna bilər: 

"Ankara Yunanıstanla münasibətləri yaxşılaşdırmaqda maraqlıdır. Türkiyənin İsraillə münasibətləri isə artıq bir müddətdir yüksələn xətt üzrə gedir. Bu danışıqların nəticəsində Yunanıstanla münasibətləri yumşaltmaq, eyni zamanda, İsraillə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq mümkün olsa, zənnimcə, bu, Türkiyə  üçün prinsipial əhəmiyyətə malik olacaq.” 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedəcək. Bu səfər  çərçivəsində o, Yunanıstan və İsrailin baş nazirləri Kiriakos Mitsotakis və Benyamin Netanyahu ilə  danışıqlar aparacaq. 

Rüfət Sultan