Bu gün televiziya və teatr sahəsinin tanınmış rejissoru, ssenarist və aktyor Şərif Qurbanəliyevin doğum günüdür.
Qaynarinfo xəbər verir ki, sənətkarın 60 yaşı tamam olur.
Şərif Qurbanəliyev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1980-1984), Ali Televiziya rejissorlar kursunda (1990-1991) təhsil alıb. O, Azərbaycan televiziyası və "Space TV"də çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, müxtəlif vaxtlarda AZTV-də və digər telekanallarda film və telelayihələrin müəllifi, o cümlədən "Sabah” Yaradıcılıq Birliyinin rəhbəri olub.
Onun ssenari müəllifi və rejissoru olduğu "Ac həriflər”, "Yarımştat”, "Bala-Başa bəla”, "Bəylik dərsi” teletamaşaları televiziyanın "qızıl fondunda” saxlanılır. "Ac Həriflər” tamaşası "Humay” mükafatına layiq görülüb. Rejissor Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Rəhman Əlizadənin "Laləli düzən” adlı ikihissəli məzhəkəsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru olub.
Şərif Qurbanəliyev "Akademik Heydər Hüseynov”, "Kişiləri qoruyun”, "Şəki teatrında”, "Qaragülün nağılı”, "Tanrıverdinin nağılı”, "Bir ovuc torpaq”, "Bədəlbəylilər” kimi bədii və sənədli filmlərin rejissorudur.
Xatırladaq ki, Azərbaycan televiziyasının "Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. İlk 10 ildə 26 televiziya tamaşası hazırlanıb.
Şərhlər