XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ərindən keçən xəstəlik həyatını alt-üst etdi: "Həkimlər ən çoxu 10 il ömrüm qaldığını dedi"
Maqazin14:55 08.09.2026

Ərindən keçən xəstəlik həyatını alt-üst etdi: "Həkimlər ən çoxu 10 il ömrüm qaldığını dedi"

Şou-biznes dünyasında onun qədər təlatümlü həyat yaşayan məşhura nadir hallarda rast gəlinir. Təsadüf nəticəsində kəşf edilməsi, jurnallar üçün cəsarətli fotosessiyaları, daha sonra kino və televiziya təcrübəsi... Ard-arda evlilikləri və qalmaqallı boşanmaları... Sonda isə parlaq şou-biznes dünyasından uzaqda, uşaqlığını keçirdiyi kiçik bir şəhərdə məskunlaşdı. Məşhur aktrisa Pamela Anderson 60 yaşına bir il qalmış bütün bu qarışıqlığı və xaosu geridə qoyub.

Qaynarinfo xəbər verir ki, o, hələ də fəaliyyətini davam etdirir, lakin daha sakit və diqqətlərdən uzaq həyat yaşayır. İndi isə uzun illərdir onu müşayiət edən bir hiss barədə danışıb. Bəlkə də bu mövzu haqqında ilk dəfə bu qədər açıq danışıb.

Həyatının ən qarışıq dövründən danışdı

Son bir neçə ildə Hollivud həyatını geridə qoyaraq Kanadanın uşaqlığını keçirdiyi Ladysmith adlı kiçik şəhərində yaşayan Anderson artıq 59 yaşındadır. O, həyatının müəyyən mənada daha yetkin və sakit mərhələsinə qədəm qoyub.

Son vaxtlar makiyajdan imtina etməsi ilə gündəmə gələn Anderson hazırda 83-cü Venesiya Film Festivalının qonağı kimi İtaliyadadır.

Anderson festival çərçivəsində keçirilən amfAR qala gecəsində illər əvvələ qayıdaraq həyatına ən çox təsir edən hadisələrdən biri haqqında danışıb.

Ərindən hepatit C-yə yoluxdu

Pamela Anderson 1995–1998-ci illərdə evli olduğu və iki oğlunun atası Tommi Lidən hepatit C-yə yoluxduğu dövrü xatırlayıb.

Tommi Li ilə eyni iynədən istifadə edərək döymə etdirdiyi üçün xəstəliyə yoluxan Anderson bu diaqnozun onun üçün böyük şok olduğunu bildirib.

Aktrisa xəstəlik diaqnozu qoyulduqdan sonra həkimlərin ona cəmi 10 il ömrünün qaldığını dediyini söyləyib.

Pamela Andersonın Tommi Li ilə evliliyindən dünyaya gələn oğulları Brandon və Dylan artıq yetkin kişilərdir.

"Həkimlər ən çoxu 10 il yaşayacağımı dedilər"

“Həkimlər mənə bunun ölümcül diaqnoz olduğunu və 10 ildən çox yaşamayacağımı söylədilər. Bu, mənim üçün ölüm hökmü kimi bir şey idi”, deyə Anderson bildirib.

Pamela Anderson bu səbəbdən uzun müddət utanc və günahkarlıq hissi ilə mübarizə apardığını və hələ də həmin hadisənin təsiri altında olduğunu bildirib.

Aktrisa həmin dövrü belə xatırlayıb: “Bu, ölüm qorxusu deyildi... Ən böyük qorxum kiçik uşaqlarıma nə olacağı idi. Bu, həyatımı alt-üst etdi. Bu utanc və günahkarlıq hissi mənimlə qaldı və məni narahat edir. Eynilə uşaqlıqda məruz qaldığım cinsi istismar kimi... Sanki alnıma həkk olunmuşdu".

Bu hiss səbəbindən özünü “qüsurlu məhsul” kimi hiss etdiyini də gizlətməyib.

“Və mən özümü hamıya məhz belə göstərdim”, deyə sözlərini davam etdirib.

Bütün pulunu xərclədi, virusdan xilas oldu

Pamela Anderson hepatit C daşıdığını 2011-ci ildə öyrənib. 2015-ci ildə isə virusdan tamamilə xilas olub. Lakin müalicə onun üçün olduqca baha başa gəlib.

Onun sözlərinə görə, müalicə oluna bilmək üçün həmin vaxtadək bankda topladığı bütün pulunu xərcləyib.

Bütün bunlar Pamela Anderson üçün artıq keçmişdə qalıb. Lakin həmin hadisənin izləri tamamilə silinməyib. Hətta aldığı diaqnozun yaratdığı psixoloji təsirdən də hələ tam qurtulmadığını deyir.

Bununla belə, onun sözlərinə görə, həmin pis təcrübə həyata baxışını dəyişib. O, eyni zamanda yaşadıqlarını karyerasında yüksəliş və yaradıcılıq üçün bir gücə çevirmək istəyib.

“Bu həqiqət mənə özümü incəsənət vasitəsilə ifadə etməyin yollarını axtarmağa imkan verdi. Bu, mənə ehtiyacım olan gücü və səmərəli həyat üçün lazım olan imkanları verdi. Mən qurban deyiləm, qalibəm. Mən güclü və istedadlıyam. Təsəvvür edə biləcəyimdən də artığıyam. Və mən çarəsiz bir qadın deyiləm”, deyə Pamela Anderson həyatındakı dəyişimi belə ifadə edib.

Aydın