Məşhur şəxslərin toy mərasimlərini hər kəs təsəvvür edir. Çox nadir istisnalar xaricində olduqca dəbdəbəli keçirilir. Gəlinlər bir deyil, bir neçə fərqli gəlinlik və onlara uyğun geyimlər geyinirlər. Məkan, dekorasiya və ikram üçün çəkilən xərclər də əlavə olunduqca toy üçün ödənilən məbləğ artır, hətta yüz minlərlə dollara çata bilir. Lakin dünyanın ən varlı ailələrindən birinə mənsub olan gənc qadın uzun illərdir birlikdə olduğu sevgilisi ilə bütün bu dəbdəbədən uzaq şəkildə evlənib. Üstəlik, cütlüyün azyaşlı övladı da onların xoşbəxt günündə yanlarında olub.
Qaynarinfo xəbər verir ki, sadə, lakin zövqlü şəkildə evlənən şəxs dünyanın ən varlı iş adamlarından biri kimi tanınan neft maqnatı J. Paul Gettynin nəticəsi İzabel Gettydir. 32 yaşlı İzabel bir müddətdir münasibətdə olduğu 41 yaşlı britaniyalı maliyyəçi Faris MakKinnonla ailə qurub.
Böyük babasından qalan 6 milyard dollardan artıq sərvətin varislərindən biri olmasına baxmayaraq, İzabel Getty sadə, lakin zövqlü toy mərasiminə üstünlük verib. O, gəlinlik əvəzinə mini ətəkli, olduqca sadə ağ paltar geyinib. Başına isə eyni rəngdə vualet taxıb. İzabel görünüşünü çəhrayı rənglərin üstünlük təşkil etdiyi gəlin buketi və kobalt mavisi ayaqqabılarla tamamlayıb. Bəy Faris isə klassik kostyum geyinməklə kifayətlənib.
Vaxtaşırı model kimi də çalışan qalereya sahibi və müğənni İzabel Getty ilə Faris MakKinnonun xoş gününə onların azyaşlı oğlu Viqqo da şahidlik edib. Cütlüyün Çelsi Bələdiyyə Sarayında keçirilən nikah mərasimindən çıxarkən balaca uşaq atasının qucağında olub.
İzabel və Faris MakKinnon daha sonra nikah mərasimində iştirak edən azsaylı qonaqlar üçün özəl bir barda şam yeməyi təşkil ediblər. Xoşbəxt cütlük nikahdan sonra yalnız üzvlərin daxil ola bildiyi məşhur bara gedib və qonaqları ilə birlikdə yemək yeyib.
Yeni evlənənlər nikahdan sonra üstüaçıq qara “Rolls-Royce” avtomobili ilə bara yollanıblar. Qonaqlar isə qırmızı rəngli kirayə avtobusla yalnız üzvlərin daxil ola bildiyi bara gedərək şam yeməyində iştirak ediblər.
Bu arada gəlin İzabel Getty böyük babasından qalan milyardlarla dollarlıq sərvətə baxmayaraq təvazökar şəkildə evlənsə də, dəbdəbəsini “səssizcə” nümayiş etdirib. Nikah mərasimindən ayrıldıqları “Rolls-Royce” bir yana, onun ayağındakı mavi ayaqqabılar da yüksək cəmiyyətin iştirak etdiyi başqa bir toyu xatırladıb.
İzabelin geyindiyinə bənzər ayaqqabıları iki il əvvəl şahzadə Uilyamın yaxın dostu Hyu Qrosvenorla evləndiyi gün Oliviya Henson da geyinmişdi. Hensonun ağ gəlinliyinin altından geyindiyi kobalt mavisi ayaqqabılar toyun ən çox müzakirə olunan detallarından biri kimi yadda qalmışdı.
Oliviya Hensonun 2024-cü ildəki toyunda ağ gəlinliyin altından geyindiyi kobalt mavisi ayaqqabılar mərasimin ən çox danışılan detalları arasında olmuşdu. İzabel Gettynin ayaqqabıları isə Oliviyanınkı ilə eyni modeldə deyildi, lakin eyni rəngdə idi.
Həmin mavi ayaqqabılar sosial mediada da uzun müddət müzakirə olunub. Bir çox insan ağ gəlinliyin altında bu ayaqqabıların qəribə göründüyünü bildirib. Bəziləri isə bunun yeni bir dəb axını yaradacağını iddia edib.
Amma necə olmasından asılı olmayaraq, bəy Hyu Qrosvenorun hersoq tituluna sahib olması və böyük sərvəti səbəbindən Oliviya Hensonun kobalt mavisi ayaqqabıları “cəmiyyət ayaqqabısı” adlandırılmışdı.
Aydın
Şərhlər