Sakit okeanındakı Pinqelap adlı kiçik atollun olduqca maraqlı bir xüsusiyyəti var: adada hər 10 nəfərdən biri ətrafını yalnız ağ-qara və boz çalarlarında görə bilir. Bəs bu qeyri-adi vəziyyət necə yaranıb?
Qaynarinfo xəbər verir ki, 1775-ci ildə Sakit okeanındakı Pinqelap atollunu tayfun vurub. Hadisədən sonra, aralarında kralın da olduğu, cəmi 20-yə yaxın insan sağ qalıb. Yüz illər sonra isə həmin demoqrafik fəlakət əhalinin əhəmiyyətli hissəsində tam rəng korluğunun yaranmasına səbəb olub.
Rəng korluğu rəngləri və ya rənglər arasındakı fərqləri görmə qabiliyyətinin azalmasıdır. ABŞ Milli Göz İnstitutunun məlumatına görə, qırmızı-yaşıl rəng korluğu Şimali Avropa mənşəli kişilərin təxminən 8 faizində, qadınların isə 0,5 faizində müşahidə olunur.
Lakin Pinqelap atollunda əhalinin təxminən 10 faizi tam akromatopsiya, yəni tam rəng korluğu kimi tanınan daha nadir vəziyyətdən əziyyət çəkir.
Bu vəziyyətdə olan insanların rəngləri qəbul edən funksional konus hüceyrələri tamamilə olmadığı üçün onlar ətraflarını yalnız qara, ağ və boz çalarlarında görürlər.
Tam akromatopsiyası olan insanlarda işığa həssaslıq, görmə kəskinliyinin azalması və gözlərin qeyri-iradi hərəkətləri də müşahidə oluna bilər. Pinqelap sakinlərində bu vəziyyət olduqca geniş yayıldığından, onların böyük hissəsinin gün eynəyi ilə görünməsinin səbəblərindən biri də budur.
1775-ci ildə baş verən tayfun Pinqelapın onsuz da kiçik olan əhalisinin demək olar ki, hamısını məhv edib. Kral da daxil olmaqla, cəmi 19 ada sakini atolda sağ qalıb.
Sağ qalan insanların birində və ya bir neçəsində tam rəng korluğuna səbəb olan genin olması ehtimal edilir. Bu gen sonradan adanın görmə problemlərinin əsas səbəblərindən birinə çevrilib.
“American Journal of Human Genetics” jurnalında dərc olunan məqalədə bildirilir ki, Lengkieki tayfunundan sağ çıxanların arasında iki qardaş da olub. Semenuhvenin bir övladı, Mvahuelenin isə yeddi övladı olub. Mvahuelenin üç həyat yoldaşından olan uşaqlarından biri Semenuhvenin qızı olan əmisiqızı ilə evlənib.
Ehtimal olunur ki, bu gen Lengkieki tayfunundan əvvəl də mövcud olub, lakin nadir olub. Daha əvvəl baş vermiş mutasiya nəticəsində yaranan gen təsadüfən sağ qalan azsaylı insanlardan bir neçəsinə, o cümlədən Mvahuele vasitəsilə ötürülüb.
Atolda insanların sayı çox az olduğundan, sonrakı dövrlərdə çoxlu qohum evlilikləri baş verib. Nəticədə həmin gen əhali arasında geniş yayılıb.
Bu genetik vəziyyət dünya üzrə təxminən hər 30 min nəfərdən birində rast gəlinir. Pingelapda isə əhalinin təxminən 10 faizinə, başqa sözlə, hər 10 nəfərdən birinə təsir edir.
Aydın
Şərhlər