XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Yol yoxdursa, nəqliyyat da yoxdur": 32 avtobusun marşrutu niyədəyişdirildi?
Ekonomiks14:08 05.09.2026

"Yol yoxdursa, nəqliyyat da yoxdur": 32 avtobusun marşrutu niyədəyişdirildi?

“Bu, nəqliyyatın problemi deyil. Yol yoxdursa, nəqliyyat da yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov sentyabrın 4-dən etibarən Bakıda 32 marşrut avtobusunun hərəkət sxeminin dəyişdirilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, yol bağlıdırsa, avtobuslar hərəkət istiqamətini dəyişməyə məcburdur:

“Ona görə də yol tikinti-təmir işləri koordinasiyalı şəkildə həyata keçirilməlidir. Əslində proses necə olmalıdır? Yol təmir-tikinti işlərinə başlanmazdan əvvəl şəhər sakinlərinə bununla bağlı məlumat verilməli və alternativ yollar açıqlanmalıdır. Bir neçə qurum koordinasiyalı şəkildə işləməlidir. Bu barədə sürücülərə və piyadalara məlumat verilməlidir. Sadəcə təmirlə bağlı məhdudiyyətlərin olacağını bildirmək kifayət etmir”.

Eldəniz Cəfərov vurğulayıb ki, meqapolisə çevrilmiş şəhərdə hər hansı yol təmiri və ya tikinti işləri aparılırsa, bununla bağlı əvvəlcədən məlumat verilməsi vacibdir:

“Sakinlər və sürücülər məlumatlandırılmalı, alternativ yollar müəyyənləşdirilməlidir ki, sərnişin mənzil başına rahat çata bilsin. Bütün bunlar həyata keçirilərsə, narazılıqlar da azalar”.

Qeyd edək ki, sentyabrın 4-də saat 20:00-dan etibarən Bakıda 32 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilib. Buna səbəb paytaxtın Moskva prospektinin (kənar yol), Rəşid İsmayılov küçəsinin (Biləcəri enişi) və Natəvan küçəsinin bəzi hissələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsidir.

Hərəkət sxemi dəyişdirilən avtobus marşrutları bunlardır: 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2.

Bahar Rüstəmli