"Ermənistan bununla iki dövlət arasında müharibəni böyük dövlətlərin toqquşma meydançasına çevirmək istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Xızı rayonu ərazisindən keçən Bakı-Novorossiysk neft kəmərini hədəfə almasının səbəblərindən danışarkən deyib. Onun fikrincə, Ermənistan öz məqsəd və niyyətlərini hələ reallaşdıra bilmir:
"Böyük dövlətlər isə məsələyə soyuqqanlı yanaşırlar. Amma böyük dövlətlər Azərbaycana dəstəyini daha da artırmalıdır. Çünki boru kəmərlərinin vurulması bir başa onların da iqtisadi maraqlarına toxunur. Ona görə ermənilər başlarını itiriblər, panika və xaos içindədirlər. Ermənistan ərazilərini daha çox itirdikcə təxribatların sayını da artırır. Gəncə, Mingəçevir, Xızı, Ordubada raket atır, ordunu vurur. İndi enerji boru xətlərini də hədəfə alır”.
Elxan Şahinoğlu qeyd edib ki, diplomatik çevikliyimizi artırmalıyıq:
"Beynəlxalq təşkilatlar, böyük dövlətlərlə təmasları genişləndirməliyik ki, Ermənistan təxribatları haqqında onları məlumatlandıraq”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirib. Azərbaycan Ordusunun Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib.
Bahar Rüstəmli
Şərhlər