Xəbər lenti

Siyasət 14:20 29.09.2020

Ermənistan bu addımı atarsa, arxasında dayanmaq gücü varmı? (TƏHLİL)

"Ermənistan qondarma Qarabağla hərbi müttəfiq olması üçün ilk növbədə onun müstəqilliyini tanımalıdır”.


Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli deyib. Onun sözlərinə görə, İrəvan sentyabrın 27-də Paşinyanın hay-küylü danışıqlarına rəğmən, hələlik bunu etməkdə həvəsli görünmür:


"Yəni, Qarabağın müstəqilliyini tanımayan bir ölkə onunla necə müttəfiq ola bilər? Bu, bir növ Ermənistanın Yəməndəki husilərlə müttəfiq olmasına bənzəyir. Ona görə də Lilit Makunts "Mənim Addımım” bloku daxilində nüfuzlu şəxs olsa da, onun Ermənistan adından müttəfiqlik kimi bəyanatlar verməsi boş şeydir. Ermənistan onsuz da Qarabağdadır və de-fakto Qarabağ rejimini hər şeylə təmin edir. Əsas məsələ Ermənistanın Qarabağın müstəqilliyini niyə tanımaq istəməməsidir? Burada bir şeyi qarışdırmamaq lazımdır. Ermənistanda iki qrup var. Bunlardan bir qismi Qarabağın "müstəqil” dövlət kimi qalmasını istəyənlər, digərləri isə Qarabağı Ermənistanın vilayəti kimi görənlərdir. Birinci qrupa daxil olanlar daha çox Qarabağ klanı nümayəndələridir. Onların belə istək nümayiş etdirməsinin səbəbi daha çox özlərinin hakimiyyətlərini və şəxsi təhlükəsizliklərini qorumaq niyyətiylə bağlıdır. İkinci qrupada daha çox millətçilər cəmləşiblər”.


Analitik bildirib ki, Qarabağın müstəqilliyini tanımaq və ya onu Ermənistana birləşdirmək elə də asan məsələ deyil:


"Belə ki, müstəqilliyi tanımaq və ya onu İrəvana birləşdirmək bir növ həm də beynəlxalq ictimaiyyətin tanınmış, amma işğal edilmiş Azərbaycan ərazisinə görə məsuliyyəti üzərinə götürməsi kimi bir şeydir. Ermənistanın bu addımı atdıqdan sonra onun arxasında dayanmaq üçün yetəri qədər potensialı yoxdur. Amma onlar bunu heç vaxt edə bilməzlər anlamına gəlməməlidir. Paşinyan sentyabrın 27-də təkcə Qarabağın müstəqilliyini tanıyacaqlarını yox, həm də onu öz tərkibinə qatacaqları ifadəsini işlətdi. Belə bəyanatı vermək onun üçün çox önəmli idi. Ona görə ki, Paşinyan hazırkı situasiyada çox ağır duruma düşüb. O, təkcə rəqibləri yox, həm də müttəfiqlərinin hücumuna məruz qalır. Hətta şovinist millətçilər (daha çox Sasna Srer nəzərdə tutulur) belə Paşinyanın yanından ayrılmağa başlayıblar. İndiki Paşinyan üçün önəmli olan Sərkisyanın taleyini yaşamamaqdır. Ona görə də hazırkı situasiyada onu parlamentdə bundan başqa bəyanat verəcəyini gözləmək olmazdı. Ancaq bu da o demək deyil ki, Paşinyan dərhal Qarabağın müstəqilliyini tanıyacaq”.


İlkin Həsənli qeyd edib ki, hər şey proseslərin gedişindən asılı olacaq:


"Daha dəqiq desək, Ermənistanın indiki halda Qarabağın müstəqilliyini tanıması daha çox Rusiyadan asılı olan bir məsələdir. Moskvaya Qarabağın indiki formada qalması daha sərfəli variantdır. Təsadüfi deyil ki, son əməliyyatlardan sonra Rusiya tərəfi israrla "bütün vasitələrdən istifadə edərək, atəşkəs bərpa olunmalıdır” bəyanatını səsləndirir. Əgər Azərbaycan Ordusu Qarabağda irəliləməsini sürətləndirsə və daha böyük ərazilər ələ keçirsə, Moskva Qarabağın tanınması və ya Ermənistana birləşdirməsi ideyasına yaşıl işıq yandıra bilər. Bu isə sonradan Moskvanın savaşda artıq açıq şəkildə tərəf tutması anlamına gələcək. Çünki Moskvaya Qarabağı itirmək həm Qafqaza nəzarət, həm də İran böhranı fonunda heç də sərfəli olan məsələ deyil. Qarabağın itirilməsi, Qafqazda oyun qaydalarının tam dəyişməsi anlamına gələcək ki, bu da indiki halda ən çox Azərbaycan və Türkiyəyə sərf edir”.

 

Analitik hesab edir ki, yaxın günlərdə Moskvanın Ermənistana hansısa formada dəstək verdiyini müşahidə etsək, təəccüblənmək gərək deyil:

 

"Artıq Moskva müxtəlif formada özünün muzdlu dəstələrini Qarabağa göndərməklə bağlı müxtəlif Teleqram kanalları vasitəsilə dezolar sızdıraraq, hansısa şərait formalaşdırmağa çalışır. Əgər Qarabağdakı indiki əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə bitsə belə, Moskva durmayacaq və ermənilər üçün yeni meydanı Gürcüstanda açacaq. Bunun üçün Moskva artıq mühit formalaşdırıb və indiki döyüşlər fonunda belə bunun üzərində aktiv iş aparır. Bir sözlə, hər şeyi savaşın gedişatı müəyyən edəcək və onun nəticəsinin nə olmasından asılı olmayaraq, bu savaşdan sonra həm danışıqlar prosesində, həm də Qafqazdakı siyasi proseslərdə tam yeni bir dövr başlayacaq”.

 

Xatırladaq ki, Ermənistanın hakim "Mənim addımım” partiyasının fraksiya rəhbəri Lilit Makunts İrəvanın "Artsax”la hərbi-siyasi ittifaq müqaviləsinin bağlanması imkanlarını nəzərdən keçirdiyini bildirib.


 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?