Ermənistan birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı muzdlulardan istifadə edib.
Qaynarinfo xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2020-ci il oktyabrın 11-də ermənilərin Gəncəni raket zərbəsinə tutması nəticəsində dağılan ərazini ziyarət edərkən deyib.
Baş prokuror bildirib ki, ermənilər daim döyüşlərdə muzdluları öz tərəfinə cəlb edib:
"İkinci Qarabağ müharibəsində də onlar tərəfdən muzdluların iştirakına dair bizdə konkret faktlar var. Həmin muzdluların şəxsiyyəti də bəllidir. Biz muzdluların vətəndaşı olduğu ölkələrə gizli yardım haqqında vəsatətlər göndərmişik və bu sahədə işlərimizi davam etdiririk", deyə Kamran Əliyev qeyd edib.
"Ermənistan tərəfindən döyüşən muzdluların tutularaq Azərbaycana ekstradisiya edilməsində müəyyən problemlər olsa da, biz buna nail olacağıq. Təəssüf ki, bəzi dövlətlər bununla bağlı kifayət qədər zəruri əməkdaşlıq göstərmir. Amma bilirsiniz ki, biz hətta Xocalı dövründən olan cinayətkarları ikinci Qarabağ müharibəsindən sonra tutub məsuliyyətə cəlb etmişik, onların real məhkəmə kürsüsündə oturmasını təmin etdik. Bu şəxslər də məsuliyyətə cəlb ediləcək. Digər tərəfdən də başladığımız bu cinayət işlərindən beynəlxalq ədalət məhkəməsində, beynəlxalq instansiyalarda istifadə edirik. Əldə olunan sübutlarla biz Ermənistanın dövlət kimi siyasətinin beynəlxalq hüquq normalarına zidd olduğunu da sübut edirik, bu da çox vacibdir", deyə Kamran Əliyev bildirib.
Şərhlər