"Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi məsələsi Qərbin Ermənistana verdiyi növbəti tapşırıqlardan biridir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
"Ermənistan parlamenti bu məsələnin müzakirə olunmasına görə toplanılır. İndiki parlamentin də bu barədə qərara müsbət yanaşacağı gözlənilir. Lakin məsələ ondadır ki, Ermənistan Avropa İttifaqı istiqamətində fəaliyyət göstərə bilməz. Düşünürəm ki, Aİ-yə daxil olmaqla bağlı referendumun keçirilməsi məsələsi məhz Ermənistana verilən növbəti tapşırıqdır", deyə Əlimusa İbrahimov bildirib.
Ekspertin fikrincə, Qərb İrəvana xəbərdarlıq edir ki, Gürcüstanda baş verən hadisələr Ermənsitanın da Rusiyaya yaxınlaşmasına gətirib çıxarmamalıdır:
"Göründüyü kimi, Gürcüstanda vəziyyət heç də Aİ-nin istədiyi istiqamətdə getmir. Qərb ümumiyyətlə Gürcüstandan əlini üzmək üzrədir. Tiflis bu qurumdan getdikcə daha çox uzaqlaşır. Belə olan şəraitdə Aİ-yə Cənubi Qafqazda yerləşmək üçün başqa bir ölkə lazım gəlir ki, bu rolda da Ermənistan çıxış edir".
Əlimusa İbrahimov qeyd edir ki, Gürcüstanda keçirilən seçkilərdən sonra Ermənistanda bu məsələnin ortaya atılması Aİ-nin Cənubi Qafqazdan əl çəkmək niyyətində olmadığını sübut edir. Lakin bununla yanaşı, həmsöhbətimiz Ermənistanın bu tezliklə Aİ-yə qəbulu məsələsinin qaldırılacağını düşünmür:
"Ona görə ki, Gürcüstanın Aİ-dən uzaqlaşması Ermənistanın da həmin qurumdan uzaqlaşması üçün əsas rol oynayacaq. Tiflis Rusiyaya yaxınlaşdıqdan sonra Ermənistan da istər-istəməz Moskvaya yaxınlaşmaq məcbriyyətində olacaq. Gürcüstanda sakitlik bərqərar olduqdan sonra artıq Ermənistanın da taleyi öz-özünə həll olunacaq. İrəvan Rusiyanın nəzarətindən kənara çıxmaq iqtidarına malik deyil".
Əlimusa İbrahimovun fikrincə, Ermənistanın konstitusiyadan Azərbaycana ərazi iddiaları ilə bağlı müddəaları çıxarmaq üçün referendum keçirmək əvəzinə Aİ-yə qəbul üzrə referendumu ön plana keçirmək cəhdi təqdir edilə bilməz:
"İrəvanda hesab edirlər ki, onların Aİ-yə yaxınlaşması həm də Azərbaycanla münasibətlərin normallaşdırılmasına səbəb olacaq, yaxud buna ehtiyac da qalmayacaq. Yəni bu halda Avropa İttifaqı Ermənistanın bütün təminatı və təhlükəsizliyini öz üzərinə götürəcək. Orada düşünürlər ki, Aİ ilə münasibətlərin qurulması həm Rusiya, həm də Azərbaycanla olan problemləri həll etməkdə ona yardım olacaq".
Qeyd edək ki, Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsi üçün tələb olunan 50 min imza əvəzinə 60 min imza toplanıb. Bu haqda Ermənistanın "Eurovote" imzatoplama qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb. "Bu imzalar toplusu təkcə Ermənistan vətəndaşlarının azadlıq və milli ləyaqət istəyinə deyil, həm də ümumbəşəri dəyərlər və Avropa gələcəyi naminə cəmiyyətimizin siyasi yetkinliyinə və birliyinə dəlalət edir. Bu, bizim böyük regionumuzda cərəyan edən geosiyasi proseslərdə mühüm impulsdur", deyə bəyanatda qeyd edilir.
Rüfət Sultan
Şərhlər