Xəbər lenti

Foto 12:16 12.04.2022

Fəlsəfə və “Yanar dağ” bir arada (FOTO)

Aprelin 10-da "Yanar dağ” dövlət qoruğunda "Zərdüşt belə deyirdi” adlı tədbir keçirilib. 

Qaynarinfo xəbər verir ki, "SARR Group”un təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı Fəlsəfə Akademiyasının üzvləri Türkiyə Ondokuz Mayıs Universitetinin magistrantı Qoşqar Abbas və Bakı Dövlət Universitetinin doktorantı Araz Əliyev çıxış edib.

Akademiya üzvləri tərəfindən od və fəlsəfənin qarşılıqlı əlaqəsi, Qədim Yunan fəlsəfi ənənəsində odun yeri, məşhur filosoflar Heraklit və Fridrix Nitsşenin fikirlərindən bəhs olunub, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Tədbirdə qoruğun işçiləri ilə yanaşı, çoxsaylı qonaqlar və tələbələr də iştirak edib.

Tədbirin önəmindən danışan Akademiyanın üzvü Aqşin Aşırov fəlsəfə ilə "Yanar dağ”ı bir araya gətirdikləri üçün təşkilatçılara öz təşəkkürünü bildirib. O, bu cür tədbirlərin davamlı olmasının həm düşüncənin inkişafı, həm də tarixi abidələrimizə diqqət çəkmək baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdən sonra Akademiyanın üzvləri və qonaqlar "Yanar dağ” qoruğu daxilində yerləşən muzey, tarixi abidələr, Osmanlı səngərləri, kurqan qəbirlər və kükürdlü su vadisi ilə yaxından tanış olub. Qoruğun nümayəndəsi tərəfindən qonaqlara "Yanar dağ”ın relyefi və qoruq daxilində yerləşən abidələrin tarixi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır. Akademiya bir qrup gənc tədqiqatçı tərəfindən yaradılıb və əsas məqsədi Azərbaycanda fəlsəfənin inkişafına töhvə vermək, bu istiqamətdə tədbirlərin və təlimlərin təşkilini, video tərcümə, səsləndirmə, kitab və xarici dildəki məqalələrin tərcüməsini həyata keçirməkdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->