Xəbər lenti

Aİ üzvlüyünə namizəd ölkələr üçün yeni
Dünya 22:46 26.06.2026

Aİ üzvlüyünə namizəd ölkələr üçün yeni "mükafat" mexanizmi hazırlayır

Avropa Komissiyası Avropa İttifaqına üzvlüyə namizəd ölkələrə tam üzvlükdən əvvəl iqtisadi üstünlüklər təqdim etməyi nəzərdə tutan plan hazırlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu təşəbbüs Avropa Komissiyasının "mərhələli inteqrasiya" planının tərkib hissəsidir.

Müzakirə olunan güzəştlərə Aİ-nin bəzi maliyyələşdirmə proqramlarına çıxış, daha əlverişli ticarət şərtləri və tam üzvlükdən əvvəl vahid bazara qismən giriş daxildir. Təklif ediləcək paket hər bir namizəd ölkənin islahatlarda əldə etdiyi irəliləyişə uyğun olaraq formalaşdırılacaq.

Təşəbbüsün məqsədi tam üzvlüyə qədər uzun illər tələb olunsa belə, namizəd ölkələri siyasi baxımdan çətin islahatları həyata keçirməyə təşviq etməkdir.

Əvvəlki təklifdən fərqli olaraq, yeni model namizəd ölkələrə tam üzvlük başa çatmadan siyasi hüquqlar verilməsini nəzərdə tutmur. Həmin ideya Aİ-yə üzv dövlətlər tərəfindən dəstəklənməmişdi.

Yeni yanaşmaya əsasən, ölkələr üzvlük meyarlarını tam yerinə yetirənədək Aİ-yə qəbul edilməyəcək, lakin üzvlüyə bənzər iqtisadi üstünlüklərdən yararlana biləcəklər.

"Bu təklif əvvəlki təşəbbüslərlə müqayisədə daha böyük siyasi dəstək qazanıb. Fransa və Almaniya daha əvvəl də uzunmüddətli üzvlük prosesi ilə üzləşən ölkələr üçün oxşar "sadələşdirilmiş üzvlük" ideyalarını dəstəkləyib. Rəsmilər hesab edirlər ki, bu model əvvəlkilərdən daha məqbul olacaq", deyə "Politico" yazır.

Avropa Komissiyası təşəbbüsə Aİ üzv dövlətlərinin dəstəyini qazanmağa çalışacaq. Rəsmilər ümid edirlər ki, Avropa Şurasının oktyabr və ya dekabr iclasında liderlər daha geniş çərçivə proqramı üzərində işə başlanmasını təsdiqləyəcəklər.

Plana əsasən, güzəştlər hər bir ölkəyə fərdi qaydada təqdim ediləcək. Qərar ölkənin Aİ qaydalarına uyğunluğu və həyata keçirdiyi islahatların səviyyəsi nəzərə alınmaqla veriləcək.

Bu yanaşma mövcud sistemdən əhəmiyyətli dərəcədə fərqlənir. Hazırda əksər üstünlüklər yalnız Aİ-nin tamhüquqlu üzv dövlətlərinə şamil edilir.

Nəşr qeyd edir ki, yeni mexanizm Ukrayna kimi namizəd ölkələrin üzvlük prosesi uzun çəksə də, onların Aİ-yə inteqrasiyasını davam etdirməyə xidmət edir. Bununla yanaşı, onlara yaxın vaxtda tam üzvlük vədi verilmir.

Rəsmilərdən birinin sözlərinə görə, ölkələr islahatlarda irəliləyiş əldə etdikcə onlara təqdim edilən üstünlüklərin həcmi də mərhələli şəkildə artırılacaq. Bu yanaşma həm də Aİ üzvü olmayan dövlətlərə üzvlük imtiyazlarının verilməsindən narahat olan hökumətlərin narahatlığını azaltmağa hesablanıb.

Aydın
--> -->