Xəbər lenti

ABŞ-da müzakirələrə səbəb olan açıqlama:
Dünya 18:15 26.06.2026

ABŞ-da müzakirələrə səbəb olan açıqlama: "Dərin dövlət" Trampı hədəf alıb"

ABŞ-ın vitse-prezidenti Cey Di Vens keçmiş prezident Riçard Niksonun istefasına səbəb olan Uotergeyt qalmaqalının bu gün baş versəydi, yalnız "12 saatlıq xəbər” kimi qalacağını iddia edib. O, həmçinin həm Niksonun, həm də Donald Trampın "dərin dövlət” adlandırdığı strukturlar tərəfindən hədəf alındığını irəli sürüb.

Qaynarinfo xəbər verir ki, Kaliforniya ştatının Yorba Linda şəhərində yerləşən Riçard Nikson Prezident Kitabxanasında keçirilən tədbirdə çıxış edən Vens yeni "Communion” adlı kitabını təqdim edib.

O, çıxışı zamanı Niksona rəğbətini ifadə edərək bildirib: "Uotergeyt qalmaqalı bu gün baş versəydi, 12 saatlıq xəbər olardı. Bir prezidentin vəzifədən uzaqlaşdırılmasına səbəb olacağı fikri indi olduqca qeyri-adi görünür".

Vens Niksonun istefası ilə nəticələnən proseslə Trampın ilk prezidentlik dövründə baş verən hadisələr arasında oxşarlıqlar olduğunu iddia edib və hər iki halda "dərin dövlət” adlandırdığı strukturların oxşar metodlardan istifadə etdiyini bildirib.

O, özünü də Niksona bənzədərək "gənc senator, vitse-prezident, bir neçə bestseller kitab müəllifi və media tərəfindən tənqid olunan şəxs” kimi xarakterizə edib.

Uotergeyt qalmaqalı 1972–1974-cü illərdə ABŞ-da baş verən və prezident Riçard Niksonun istefası ilə nəticələnən siyasi böhran kimi tarixə düşüb. 1972-ci il iyunun 17-də Vaşinqtondakı Uotergeyt ofis kompleksinə qanunsuz daxil olan şəxslərin yaxalanması ilə başlayan proses daha sonra Nikson administrasiyasının hadisəni ört-basdır etməyə çalışması ilə genişlənib.

Araşdırmalar nəticəsində 1972-ci il seçkiləri zamanı siyasi rəqiblərin qanunsuz dinlənilməsi və gizli əməliyyatlar ifşa olunub. Nəticədə Nikson istefa verərək vəzifəsini vitse-prezident Cerald Forda təhvil verib.

Aydın
--> -->