Ekonomiks 10:40 23.09.2022

Gələn il əmək haqqı və pensiyalar nə qədər artacaq?

Millət vəkili Vüqar Bayramov 2023-cü ildə əmək haqqı və pensiyaların nə qədər artırılacağı ilə bağlı suallara aydınlıq gətirib.

Qaynarinfo xəbər verir verir ki, deputat sentyabrın 22-də Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunan iclasdan danışıb.
 
Onun sözlərinə görə, iclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub:

"İnflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu ilkindən 9,2% çox nəzərdə tutulub. Konkret rəqəmlərə gəldikdə isə, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır”.

Deputat bildirib ki, gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək:

"Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu, 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir.

2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur”.

Deputat 2023-cü ildə sosial istiqamətlər üzrə artımların nəzərdə tutulduğunu vurğulayıb:

"Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyat üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır”.

Bahar Rüstəmli