"Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - "Report” İnformasiya Agentliyi, "Oxu.az” xəbər saytı, "Baku TV” yayım portalı və "Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüblər.
Qaynarinfo xəbər verir ki, bu gün "Winter Park” otelində mükafatların təqdim etmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan "Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə zəmanət departamentinin direktoru Günel Qureyşi gələn qonaqları salamlayıb. Direktor bildirib ki, "Global Media Holding” rəhbərliyinin tapşırığı ilə sertifikatların alınması üçün ilin əvvəlindən müraciət olunub:
"Azərbaycanda bəzi şirkətlər ISO-9001 sertifikatına layiq görülsə də, media sektorunda bu sertifikatı alan şirkət yox idi. Bu standartlar 160-dan çox ölkədə 1 milyondan çox şirkət tərəfindən tətbiq edilir. Şərtlər eynidir. Bu çətin yolda bizə dəstək olan rəhbərliyimizə, xüsusilə Elnur Abdullayevə dərin təşəkkürlərimizi bildiririk”.
Bundan sonra söz "TÜR Austria” şirkətinin direktoru Ülkər Quliyevaya verilib. Ülkər Quliyeva bildirib ki, bu gün şirkətin 150 illik yubileyi qeyd edilir:
"Azərbaycanda isə 5 ildir fəaliyyət göstəririk. Şirkətlərin bu sahəyə maraqları bizi sevindirir”.
"Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev qeyd edib ki, ISO sertifikatının alınması "Report”un beynəlxalq arenaya çıxışını asanlaşdıracaq:
"Digər tərəfdən bu sertifikatın alınması "Report”un bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin təsdiqidir. Bu, ilk növbədə işçilərin işinin keyfiyyətli olmasından xəbər verir və mükafat üzərimizə əlavə məsuliyyət qoyur. Amma inanıram ki, biz bunun öhdəsindən də uğurla gələcəyik”.
Mükafatlara layiq görülən Baku TV-nin rəhbəri Ramin Cəfərov rəhbərlik etdiyi qurumun bu uğuru stimulverici hal olduğunu bildirib:
"Çalışacağıq ki, bundan sonra da informasiya keyfiyyətini daha da artıraq. Baku TV hər zaman televiziya məkanında öz üslubu ilə seçilib. Bundan sonra da siz daha maraqlı, fərqli Baku TV izəyəcəksiniz. Hər bir sahədə bizim komandamız sınaqlardan layiqincə keçir və keçməyə də hazırdır”.
Tədbirdə həmçinin Mətbuat Şurasının sədri Rəşad Məcid də çıxış edib. Sədr medianın beynəlxalq standartlara çatmasının daim gündəmdə olan vacib məsələlərdən biri olduğunu deyib:
"Nə yaxşı ki, "Global Media Group” bu addımı atıb. Bu gün medianın aparıcı orqanlarından olan Oxu.az, Report.Az, Baku TV göstərdiyi keyfiyyətli xidmətin bəhrəsini görüb. Belə ki, "Global Media Group” öz dinamikliyi ilə yerli mediaya yeni nəfəs gətirib. Ümid edirəm ki, sizdən sonra digər media qurumları da bu sertifikatları almaq üçün cəhd edərlər”.
Bahar Rüstəmli
Şərhlər