12 iyun, cümə axşamı Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə işgüzar səfər edib.
Qaynarinfo xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb, "Yahoo News” onun sözlərini sitat
gətirib.
Nazir səfər çərçivəsində Ukraynadakı vəziyyəti və əlavə hərbi yardım məsələlərini müzakirə etməyi planlaşdırır.
"Ukraynanı elə formada dəstəkləmək üçün hər şeyi edirik ki, o, özünü müdafiə edə bilsin və Rusiyanı ciddi danışıqlara hazır vəziyyətə gətirə biləcək bir mövqedə olsun”, – deyə Pistorius bəyan edib.
O əlavə edib ki, Almaniya və digər Avropa ölkələrinin gələcəkdə Ukraynaya necə dəstək verəcəyi, sənaye əməkdaşlığı sahəsində atıla biləcək addımlar və digər yardım formaları gündəmdə olacaq.
Qeyd edək ki, may ayının sonunda Almaniya Ukraynaya 5 milyard avro dəyərində yeni hərbi yardım paketi ayırdığını təsdiqləmişdi. Müdafiə Nazirliyi bildirmişdi ki, bu vəsaitin bir hissəsi Ukraynanın müdafiə sənayesinə birbaşa sərmayələrdən ibarət olacaq və Almaniya hökumətinin məqsədi Ukraynanın müdafiə qabiliyyətini uzunmüddətli və dayanıqlı şəkildə gücləndirməkdir.
Bundan əvvəl, apreldə Ukrayna prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, 2025-ci ildə Almaniyadan alınacaq ümumi yardım 7 milyard avroya çatacaq. Almaniya Rusiyanın tammiqyaslı işğalına başladığı vaxtdan bəri Ukraynaya ümumilikdə 43 milyard avrodan çox yardım göstərib, bunun 15 milyard avrosu hərbi dəstəyə ayrılıb.
Alpər
Şərhlər