Çoxdanın, neçə il bundan əvvəlin söhbətidir. O vaxt mən ailəvi yataqxanada 10-15 kvadrat metrlik bircə otaqda yaşayırdım, hansını ki, düşünürəm ətraflı təsvir etməyə ehtiyac yoxdur.
Qərəz, növbəti, adicə həftələrdən biridi, zibili atıb geri qayıdırdım. Binanın qabağında bir keçmiş "cəbhəçi”yə rast gəldim. Məni görən kimi qayıtdı ki, bəs, sənə halaldır!
Doğrusu, lap əvvəl heç nə başa düşmədim, amma, nəhayət, anladım ki, bu, mənə ona görə halallıq oxuyur ki, çoxundan fərqli olaraq hələ də bircə otaqda, yataqxanda yaşayıram!..
Yenə də bir söz demədim, ən müasir təcili yardım maşınına söykənib dayanan (deyəsən, onun sürücüsü idi!) "çəbhəçi”ni, necə deyərlər, acıqla süzüb "mənzilimə” qalxdım, hətta yalandan olsa belə "çıxaq, bir stəkan çay içək” də demədim, ona görə ki, bir cavab sualı ürəyimi deşirdi. O da bu idi ki, dostum, sən niyə dediyin "halallıq”la yaşamadın?
Bilirsiniz, hamı bilir ki, mən keçmiş hərəkatçı olmuşam, bunu indi də nəinki danmıram, heç vaxt belə fikrim də olmayıbdır.
İllər ərzində xeyli fədakar insanlar gördüm həmin o prosesdə. Amma onlar tamam çoxluq da deyildi, yox, əksinə, bunların çoxu həmin adamlar idi ki, AXC-yə qəbulun dayanması üçün dava döyür, "vəzifələrə yalnız "cəbhəçi”lər təyin olunsun” deyirdilər.
Yəni dediyim budur ki, "inqilabı fanatlar edir” söhbəti də tamamilə düzgün deyil, nədənsə bu "fanatlar” heç vaxt özlərini unutmurdu- özü də bütün mənalarda.
Deyirlər ki, bəs filankəslər böyük fədakarlıq etdi, o boyda hərəkat yaratdılar. Onlar məni niyə sevmirdilər? Ona görə ki, ilk fürsətdə soruşurdum; bəylər, o boyda hərəkat yarananda özünüz nə boydaydınız? İndi niyə ondan yaratmırsınız? Mənim buna öz cavabım var, sizin də cavabınızı bilmək maraqlı olardı...
Bəlkə sizi heç yaşadığınız blokda da çoxu tanımırdı, ən "uğurlunuz” uzağı, əlli yaşını keçmiş elmlər namizədləri idi. Heç babat maaşınız–filanınız, dolanışığınız da yox idi. Yenə də bir olmuş detal deyəcəm sizə.
90-nın ortaları olardı. "Azadlıq” qəzetinin redaksiyasından çıxırdım ki, rəhmətlik Hikmət Hacızadəylə rastlaşdım.
Gördüm nəsə çox hirslidi. Soruşdum nə olub? Qayıtdı; görürsən də, filankəs deyir mən elitayam, amma AXC yarananda bir köhnə pencəyi vardı, qolları heç dirsəyinə də çatmırdı...
Mən bu detalı bir dəfə də qeyd etmişəm. Həqiqətən də hərəkatın, AXC-nin sayəsində "pencəyinin qolu dirsəyinə çatmayanlar” hörmətli bəylər oldular, əməlli-başlı maaş gördülər, sosial-status qazandılar. Ən pisi isə bu idi ki, zahirləri dəyişsə də, daxilləri dəyişmədi, əlləri həmişə özlərinə tərəf çəkdi. Gülməlisi bu idi ki, vəzifəyə gedəndə bir ağızdan deyirdilər ki, bəs qurbanlıq qoyunlarıq. Onda da deyirdik ki, axı kim sizdən xahiş edir, istəmirsiz, olmayın "qurbanlıq qoyun”, məgər bu da mükəlləfiyyətdir? Daha gülməlisi isə o idi ki, bir illik hakimiyyətdən sonra bəzisi hətta böyük şok yaşadılar ki, vəzifə nə az oldu, niyə beş-on il çəkmədi? Həqiqətən gülməlidi, deyilmi?..
Ona görə fədakarlıqdan-filandan çox danışmayın. Yox, belələri də vardı, heç kim onları unutmur və unutmayacaq da, amma çoxu sözün birbaşa mənasında dağıtmaqdan savayı şey bilmirdi, özləri demiş, başları yalnız "dubinka”nın altına verilmək üçün idi. Birilə bağlı rəhmətlik Tofiq müəllim deyrdi ki, filankəsin başından yalnız "otboynıy molotok” kimi istifadə etmək olar.
İndi kimin çənəsi söz tutur, qayıdır ki, bəs "AXC-Müsavat cütlüyü” ölkəni dağıtdı, amma onda çoxumuz insanların arasındaydıq, 92-93-cü illərdə onlar heç də belə demirdi, həm də insafən, heç belə də deyildi, daha çox iki-üç adamın adı çəkilir, "filankəslər ölkəni dağıtdı” – deyirdilər.
Bunu qəti elə başa düşməyin ki, onlardan əvvəlkilər və yaxud da sonrakılar mələk idilər, yox, əlbəttə, yox, belə deyildi, sadəcə, hərəkatçılardan hamı daha çox unurdu, ona görə ki, illərlə danışdıqları az qala, Hökumət Evinin Meydana tərəf divarlarında da həkk olmuşdu, insanlar gözləyirdi...
Bir dəfə bizim gənc yazıçılardan (o vaxt!) biri soruşdu ki, sən daim siyasi yazılar yazırsan, özü də kəskin, tənqid etdiyin adamlara nifrət edirsənmi?
Deyəndə ki, vallah, yox, yazıçı dostum bir xeyli təəccübləndi və başladı ki, bəs mən belə edərdim, elə edərdim və məni gic bir gülmək tutdu. Anladım ki, bu yazar siyasət üçün hələ rus demiş, çox "zelyonıy”dır, yəni hələ yetişməyib; hər şey yalnız nifrətin üstündə qurulsaydı heç yerdə vətəndaş müharibəsindən macal olmazdı! Hamımız durub Robespyer olası deyildik ki...
Həm inqilab da hər gün olmur və onun da daha effektiv alternativi var – bu da reformadır, islahatdır.
Bilirsiniz, bunları niyə yazdım? Nəsillər biri-birini anlamağa həmişə çətinlik çəkir. Bəlkə bu özü də bəşəriyyətin kollektiv şüuraltısında ciddi çatın nəticəsidir, yaxud ola bilsin, yarımkürələrdən biri keçmiş, o birisisə gələcəkçündür. Kim bilir?..
Ona görə yazdım ki, müqayisələr aparanda nə keçmişi, nə də gələcəyi şişirtməyin, onların heç biri ideal deyil. Başqa bir detal da var burada və budur ki, bizim gənclyimiz böyük formasiyaların, onda mövcud olan geosiyasi arxitekturanın çöküşünə düşdüsə, indiki gənclik də ilkin, vəhşi kapitalizmi gördü, yaşadı. İndi özünüz deyin görək, bunların hansı daha çətindir?
Elə bu səbəbdən görəndə ki, indiki gənclik qəpiyinindən belə keçmir, təəccüb etməyin, bunlar vəhşi kaputalizmin övladlarıdır, belə görüblər. Həm də bundan əvvəl, bizim də dövrümüzdə heç də hər şey yazılan kimi olmayıbdır, onda da heç hamı fanat deyildi.
Əlbəttə, gəncliyin bizdən bir üstünlüyü vardır – gələcək. Onlar hətta özlərilə bağlı nələrisə dəyişə bilərlər. Bizimsə daha keçmişdən savayı bir şeyimiz yox. Odur, görəndə ki, yaşlı adamlar keçmişin üstündə əsirlər, bunu da anlaşıqla qəbul edin, çünki başqa nəsə yox...
Hüseynbala Səlimov
Şərhlər